Modern.az

Azərbaycanın kənd təsərrüfatı naziri: “Bu, insanlığa qarşı cinayətdir”

Azərbaycanın kənd təsərrüfatı naziri: “Bu, insanlığa qarşı cinayətdir”

2 Dekabr 2015, 17:39

Nazirlikdə Keyfiyyətə Nəzarət Şöbəsi yaradıldı

Kənd təsərrüfatı naziri Heydər Əsədov dekabrın 1-də Bərdədə 25 tona yaxın  mənşəyi məlum olmayan ətin aşkarlanması ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. Modern.az saytı xəbər verir ki, nazir bu cür hadisələrin baş verməməsi üçün nəzarətin gücləndiriləcəyini açıqlayıb:

“Nəzarətin nəticəsinə görə görülən işlərə də nəzarət etməliyik ki, bu cür hallar bir daha baş verməsin. Nəzərinizə çatdırıram ki, bu fakt təkcə Bərdədə deyil, bir neçə yerdə davam edir. Bunun üçün əsas məsuliyyət yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli nümayəndələri ilə yanaşı, bizim baytarların üzərinə düşür. Biz mütləq onlardan dislokasiyanı tez-tez yoxlamalarını tələb edirik.

Belə hal müşahidə edilərsə, həmin rayonun baytarlıq idarəsinin rəisi vəzifəsindən azad ediləcək. Çünki bu, onun birbaşa funksional vəzifəsidir. Bu hadisə keçən il də Bərdədə baş vermişdi. Buna görə həmin rayonun baytarlıq idarəsinin rəisi vəzifəsindən azad edilib. Kadr problemi olduğundan həmin vəzifə hələ də boş qalıb. Bu hadisənin təkrarlanması bizi daha ciddi tədbirlər görməyə vadar edir. Buna görə də hadisənin hansı səbəbdən, kimlərin himayədarlığı altında baş verməsinin araşdırılması üçün bu fakt aktlaşdırılacaq və mərkəzi laboratoriyanın nəticələri alınaraq Baş Prokurorluğa göndəriləcək”.

Nazir qeyd edib ki, artıq bu cür halların qarşısının alınması üçün struktur dəyişikliyi edilib və Keyfiyyətə Nəzarət Şöbəsi yaradılıb: “Belə əməllə ilə bağlı bizdə də məlumat var. Daxili İşlər Nazirliyi və Dövlət Yol Polisinin əməkdaşlarının köməkliyi ilə bu ortaya çıxdı. Amma bunların kütləvi daşınması, müxtəlif sexlərə verilməsi tərəfimizdən izlənilməlidir. Rayonlarda səyyar yoxlamalar aparılacaq.

Nəzərinizə çatdırım ki, həmin məhsulları keyfiyyətinə, iyinə, rənginə görə bazara çıxarmaq mümkün deyil. Ona görə də həmin ətlərin müxtəlif sexlərə verilməsi tərəfimizdən izlənəcək. Artıq struktur dəyişikliyi etdik və bu məhsulların keyfiyyətinə nəzarət şöbəsi yaratdıq. Bunun da nəticəsində məhsulların daimi ekspedisiyası aparılacaq.

Bir daha xəbərdarlıq edirəm ki, belə hallar baş verərsə, istisnasız olaraq böyüklüyündən-kiçikliyindən asılı olmayaraq materiallar istintaq orqanlarına göndəriləcək. Əks halda, bu hadisələr davamlı olacaq.

Düşünürəm ki, bunlar cəriməlik deyil, birbaşa insanlara, insanlığa, qida təhlükəsizliyinə qarşı cinayətdir”.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi