Modern.az

Paytaxtın ticarət mərkəzlərində təhlükəsizlik necə qorunur?..

Paytaxtın ticarət mərkəzlərində təhlükəsizlik necə qorunur?..

3 Dekabr 2015, 10:02


Terrorun bəşəri və qlobal bəlaya çerildiyi dünyada yaşayırıq. Hər gün elektron və yazılı KİV-lərdə İŞİD və ona oxşar terror təşkilatlarının dünyanın müxtəlif nöqtələrində - paytaxtlarda, meqapolislərdə, insanların kompakt cəmləşdikləri yerlərdə partlayış törətdiklərinin xəbərlərini alırıq. Terror hadisələri bəzən insanların sıx cəmləşdiyi iri ticarət mərkəzlərində də törədilir.
Dünyanın bütün iri şəhərləri kimi, Bakı da terror olaylarından sığortalanmayıb.
Azərbaycan paytaxtında fəaliyyət göstərən iri ticarət mərkəzlərində təhlükəsizlik necə təmin olunur? Vətəndaşlar həmin ticarət mərkəzlərində özünü nə dərəcədə güvənli hiss edir?

“Metropark” ticarət mərkəzinin mühafizə xidmətinin rəisi Fəxrəddin İsayev Modern.az-a bildirib ki, gün ərzində buradan orta hesabla 20 min vətəndaş istifadə edir.
“Burada mühafizə xidmətinin təşkili səhər saatlarında ticarət mərkəzi açılandan mühafizəçilərin postlara bölünməsi ilə başlayır. Hər mühafizəçi öz postuna təyin olunmazdan qabaq müvafiq qaydada təlimatlandırılır, daşıdıqları məsuliyyət qanuni şəkildə onlara çatdırılır, təlimata qol çəkirlər. Giriş və çıxışda yoxlama siqnallı detektorlardan istifadə olunur. Buraya bağlama yük gətirmək olaz. Bunun üçün konkret vaxt müəyyənləşdirilib, yalnız səhər saat 11-ə qədər olar. Hətta ticarət mərkəzinin alt hissəsində saat 11-dən sonra maşın saxlanması da qadağandır. Biz ticarət mərkəzi olaraq hüquq-mühafizə orqanları ilə daim sıx əlqədə oluruq. Onların xəbərdarlıqlarını və digər tövsiyələrini də nəzərə alırıq. Məsələn, bir neçə gün öncə 22-23 yaşlarında bir oğlan özünü təcili olaraq ticarət mərkəzinə salmışdı. O bizim mühafizəçiyə yaxınlaşaraq bir neçə adamın təqib və təhdidinə məruz qaldığını söyləmişdi. Şəxsən mən həmin şəxslə danışdıqdan sonra onun ciddi olduğunu gördüm və yaxınlıqdakı polis bölməsinə xəbər verdim. Polislər gəlib həmin şəxsə yardım etdilər.
Bu yaxınlarda baş verən Nardaran hadisələri zamanı da, Avropa Oyunları dövründə də hüquq-mühafizə orqanlarından xəbərdarlıqlar almışıq”.

Mühafizə xidmətinin rəisi ticarət mərkəzində çalışan mühafzəçilərin sıradan bir şəxs olmadıqlarını qeyd edib. Deyib ki, gün ərzində insanların ticarət mərkəzinə ən çox gəldiyi saatlarda, yəni günorta saat 2-dən axşam saat 9-a qədər olan müddətdə təhlükəsizli yüksək səviyyədə təmin olunur.



“28 Mall” Ticarət Mərkəzinin mühafizə xidmətinin növbə rəisi Vüsal Məmmədov da qoruma işinin yaxşı təşkil olunduğunu vurğulayıb:
“Təbii ki, işimizi qurarkən ölkədə baş verən prosesləri nəzərə alırırq. Giriş-çıxışlar, maşın qarajları daim detektorlarla yoxlanılır. Həmçinin şübhə doğuran insanlar daim kamera vasitəsilə nəzarətə götürülür, izlənilir”.

Məsələyə münasibət bildirən keçmiş polis polkovniki, kriminalist Mahmud Hacıyev müasir zamanda iri ticarət mərkəzlərindəki qoruma işinin yüksək səviyyədə təşkil olunmasını çox vacib sayır.
“İstənlən halda Allah da bu gün sanki bizi saxlayır, qoruyur. Əks-kəşfiyyat tədbirləri baxımından informasiyaları almaq, lazımi qurumları xəbərdar etmək kimi məsələlərdə əsas iş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) üzərinə düşür. Amma son illər MTN-nin sabiq rəhbərliyinin yarıtmaz işi onlara olan ümidi heçə endirdi. İndi ümid polis sisteminədir. Onu da qeyd edim ki, bu gün özəl mühafizə şirkətlərinin rəhbərləri keçmiş orqan, hüquq-muhafizə əməkdaşlarıdır.
Bəzi ticarət mərkəzlərində təhlükəsizlik xidməti baxımından işləri qənaətbəxş hesab etmək də olmaz. Məsələn, mən Əhmədlidə bu baxımdan bir titacər mərkəzinə ciddi irad tutmuşdum”.



Azad İstehlakçılar Biriyinin sədri Eyyub Hüseynov deyir ki. təkcə mühafizəçilər deyil, insanlar özləri də bu baxımdan ayıq olmaldırlar.
“Təəssüf ki, əksər vətəndaşlarımızın bu məsələdə sayıqlığı çox zəifdir. Küçədə nəsə hadisə baş verəndə polisə xəbər vermirlər, “bu mənlik deyil” deyib, ötürlər. Bizə də bəzən zəngnlər gəlir. Şikayətlər daxil olur ki, hansısa ticarət obyektində mühafizə işi zəif v qeyri-professional qurulub. Hesab edirəm özəl mühafizəyə odlu silahlar da verilməlidir”.

Baş çəkdiyimiz bir sıra ticarət mərkəzlərində apardığımız ümumi sorğudan aydın oldu ki, terrorun və təhdidin tüğyan etdiyi bu gündə vətəndaşların əksəriyyəti mühafizə işindən o qədər də razı deyillər.



Ağa Akifoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi