Oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş verən sürüşmə-çökmənin fəsadları hələ də aradan qaldırılmayıb. Həmin vaxt Bakı-Sumqayıt yolunun əsas hissəsində çatlar əmələ gəlib, ərazidəki 25-30 metr hündürlüyündə istinad divarı üçün ciddi təhlükə yaranıb. Hava şəraitinin kəskin dəyişməsi ərazidəki təhlükəni bir qədər də artırır.
Üstündən xeyli keçəndən sonra müvafiq qurumlar nə düşünür?
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az saytına deyib ki, təmsil etdiyi qurum tərəfindən ərazidə hər hansı iş görülmür: “Biz bərkitmə işlərinin yekunlaşmasını gözləyirik. Bu işlər yekunlaşdıqdan sonra bizə xəbər veriləcək və tərəfimizdən yolun bərpası yönündə işlərin görülməsinə başlanacaq”.
Bərpa işləri ilə bağlı bir müddət əvvəl açıqlama verərək istinad divarında bərkitmə işlərinin heç bir effekt verməyəcəyini, həmin istinad divarının sökülüb yenidən inşa etmək lazım olduğunu deyən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev növbəti dəfə görülən işlərdən razı qaldığını qeyd edib.
Baş geoloq bildirib ki, ərazidə gedən tektonik proseslər dayanıb: “Hazırda bərpa işləri aparılır. Müəyyən metodlardan istifadə edərək ərazidə bərkitmə işləri görülür. Ərazidə çox sayda qurğular işə salınıb. Ümumi vizual baxışa görə müəyyən sabitlik əmələ gəlib. Orada 17 metr hündürlüyündə istinad divarları var. Müəyyən nöqtələrə görə avtovağzal istiqamətində hərəkət tam dayandırılıb, ora beton, sement vurulur. Belə olan halda torpaqla onların qarışığı müəyyən çatların genişlənməsinə səbəb ola bilər. Yəqin ki, qısa müddət ərzində bərpa işləri yekunlaşacaq”.
Ələmdar Piriyev “Avtovağzal ərazisində təhlükə tam sovuşubmu” sualına təhlükə o vaxt sovuşacaq ki, işlər yekunlaşacaq deyə cavab verib:
“İşlər bitdikdən sonra baxış keçiriləcək və bundan sonra təhlükənin sovuşub-sovuşmayacağını deyə bilərik. 2 gün əvvələ qədər proses dayanmışdı. Amma hazırda yağış yağır, ola bilər ki, çökmə davam etsin. Əsas təhlükə çatların avtovağzal istiqamətində getməsi idi ki, bu da hələlik dayandırılıb. Amma yağan yağış çatların genişlənməsinə səbəb ola bilər”.
Gülşən RAUFQIZI