Kredit borcuna görə özünü yandıran Malik Hüseynovun vəziyyəti ağır, stabil olaraq alır.
Bu haqda Modern.az saytına məlumat verən Respublika Yanıq Mərkəzinin müdiri Şöhrət Məmmədov deyib ki, xəstənin müalicəsi palatada davam etdirilir: “Vəziyyəti ağır, stabil olaraq qalır. Tam anlaqlı vəziyyətdədir, normal qidalana bilir”.Həkimin sözlərinə görə, xəstənin həyatı üçün təhlükə 80 faiz sovuşub:
“Vəziyyəti nisbətən stabilləşib. Dünən xəstənin üzərində bir əməliyyat keçirdik. Bədəni yanmış, ölmüş hüceyrələrdən təmizləndi. Hazırda özünü yaxşı hiss edir”.
Şöhrət Məmmədov deyib ki, yaralar nisbətən sağaldıqdan sonra dermo plastika əməliyyatı keçiriləcək:
“Üzünə, başına, boynuna, hər iki əllərinə dəri köçürüləcək”.
Həkimin sözlərinə görə, xəstənin vizual olaraq əvvəlki vəziyyətinə qaytarılması tam mümkün deyil: “Amma nə bacarırıqsa edəcəyik, əlimizdən gələni əsirgəməyəcəyik”.
Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Səməd Vurğun küçəsində yaşayan Malik Hüseynov özünü bu gün metronun “Azadlıq” stansiyasının yaxınlığında yandıraraq intihara cəhd edib. Onun “Muğanbank”a avtomobil krediti borcu olduğu bildirilir.
Gülşən RAUFQIZI