Bir az öncə 28 May Neft-Qaz Çıxarma İdarəsinin Günəşli yatağında yanğın baş verib. Modern.az xəbər verir ki, bunu Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvarı Qəhrəmanlı öz facebook səhifəsində yazıb.
Məlumata görə, 10-cu platformada başlanan yanğının söndürülməsinə hava şəraiti mane olur. Belə ki, güclü külək yanğınsöndürən gəmilərin platformaya yan almasına imkan vermir. Hazırda platformada olan şəxslər də yaxınları ilə telefon danışığında vəziyyətin gərgin olduğunu bildirib.
SOCAR da yanğınla bağlı məlumat yayıb. Şirkət bildirib ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.
İlk növbədə özüldəki işçilərin təxliyə olunması istiqamətində tədbirlərə başlanılıb. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır. Buna baxmayaraq hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsilə təxliyə işləri həyata keçirilir. Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb. Qərargahın əlaqə telefonları: +994 12 5211019; +994 50 2293521; +994 50 2457005.Modern.az