Modern.az

Azərbaycanda deputatlığa keçmiş namizədə cinayət işi açıldı - SƏBƏB

Azərbaycanda deputatlığa keçmiş namizədə cinayət işi açıldı - SƏBƏB

Təhsil

5 Dekabr 2015, 12:00


Tanınmış vəkil, deputatlığa keçmiş namizəd Adəm Məmmədova cinayət işi açılıb. Modern.az-ın xəbərinə görə, bu barədə onun özü Facebook-da məlumat verib.

Vəkilin sözlərinə görə, Ədliyyə Nazirliyinin istintaq idarəsinin müstəntiqi Malik Səfərov ona zəng edərək “Sizə qarşı cinayət işi başlanır, istintaqa gəlin” deyib.

“Mən bunun nə ilə bağlı olduğunu soruşduqda, bildirdi ki, 5 ay əvvəl “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevi döyüb, söyüb, təhqir etmisiniz”.

A.Vəliyev bunun iftira olduğu bildirərək, məsələ ilə əlaqədar ölkə başçısı İlham Əliyev başda olmaqla ədliyyə nazirinə, milli təhlükəsizlik nazirinin birinci müavininə, Baş prokurora,  daxili işlərnNazirinə müraciət edib

Vəkil bildirib ki, 29.06.2015-ci il tarixində Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin inzibati binasında Habil Vəliyevə və onun redaktoru olduğu “Gündəlik Bakı” qəzetinə qarşı onun müştərisi tərəfindən qaldırılan mülki iddia üzrə məhkəmə baxışı keçirilib.

“Peşə fəaliyyətimi yerinə yetirərkən, birbaşa məhkəmə zalındaca heç bir əsas olmadan Habil Vəliyev məni söyüb təhqir etməyə başladı. Mənim dəfələrlə onu intizamlı olmağına dəvət etməyimə məhəl qoymadan, səs tonunu qaldırmağa, əli ilə stola vuraraq məni daha da qıcıqlandıracaq təhqiramiz ifadələr işlətməyə davam etdi, o cümlədən, birbaşa olaraq mərhum atamı təhqir etməyə başladı – bilə-bilə ki, mərhum atam hələ mən uşaq olarkən şəhid olub və mənim üçün sonsuz əzizdir. Mən bütün bunlara görə məhkəmədən xahiş etdim ki, baş verənlər protokola işlənsin və icra məmurlarının prosesdə iştirakı təmin edilsin. Baş vermiş insident məhkəmə protokolunda əks olundu və icra məmurları dəvət edildi”, deyə A.Məmmədov bildirib.

Onun sözlərinə görə, hadisədən 5 ay keçməsinə baxmayaraq, indiyə qədər Habil Vəliyevə qarşı heç bir tədbir görülməyib.

“Bu yaxınlarda mən, həbs olunmuş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun hüquqlarını müdafiə etmək üçün onun ailə üzvləri ilə rəsmi müqavilə imzaladım. Bu işin araşdırılması zamanı müəyyən etdim ki, MTN şəbəkəsinin hələ açılmamış xeyli cinayətləri və müxtəlif nazirliklərin rəhbər vəzifələrində şəbəkənin daha neçə-neçə üzvləri də mövcuddur ki, hüquqlarını müdafiə etdiyim Vidadi Zeynalovun bunu istintaqa açıqlaması ona həyatı bahasına başa gələ bilər.
Mən bu barədə üstüörtülü şəkildə mətbuata açıqlama verdim.
Bunun səhərisi günü “Gündəlik Bakı” qəzetinin redaktoru həmin Habil Vəliyev mənə yaxın olduğunu bildiyi müxtəlif adamlar vasitəsilə xəbər göndərdi ki, “Adəm artıq məhv oldu, həyatı ilə vidalaşsın””.

Adəm Məmmədov deyir ki, Habil Vəliyev eyni zamanda "Yeni Əkinçi" qəzetlərinin, "Kanal M5", "M5 Pressa" və "Bakı TV" internet telekanalının rəhbəridir ki, bunların da hamısının adı “Mətbuat Şurası” tərəfindən “Reket qəzetlər” sırasına salınıb.

“ İndiyə kimi onun müxtəlif vaxtlarda Müdafiə Nazirliyi, müxtəlif deputatlar, Xətai, Cəbrayıl, Gədəbəy  rayon İcra hakimiyyətlərilə, Mətbuat Şurası və baçqa təşkilatlarla məhkəmə çəkişmələri olub.
Bütün bunların hamısında da məhkəmələrə haralardansa “yuxarılardan” əlahiddə təzyiq olunması barədə “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov “APA” informasiya Agentliyinə verdiyi geniş müsahibəsində geniş məlumat vermişdi”.

Vəkil bildirib ki, əldə etdiyim məlumata görə, 5 ay bundan əvvəl baş vermiş və məhz mənim söyülüb, təhqir olunduğum hadisəyə görə, 5 aydan sonra ona qarşı cinayət işinin başlanması Ədliyyə Nazirliyində yüksək vəzifə tutan bir şəxsin birbaşa göstərişi ilə baş verib.

“Xahiş edirəm ki, bu məsələyə təcili diqqət verəsiniz və riskli bir işdə vəkil olduğumu və bu işlə əlaqədar bir sıra yüksək rütbəli şəxslər barədə məxfi məlumatlara malik olduğumu nəzərə alaraq, mənim təhlükəsizliyimi təmin edəsiniz”, -deyə Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədov ölkə başçısına müraciətində vurğulayıb.

Qeyd edək ki, Adəm Məmmədov 1 noyabr 2015-ci il tarixində keçirilmiş parlament seçkilərində 120 saylı Cəbrayıl-Qubadlı dairəsindən deputatlığa namizəd olub.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi