Modern.az

Prezident dəhşətli hadisə ilə bağlı Dövlət Komissiyası yaratdı - Sərəncam

Prezident dəhşətli hadisə ilə bağlı Dövlət Komissiyası yaratdı  - Sərəncam

Təhsil

5 Dekabr 2015, 20:09

 

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb. Modern.az saytının  xəbərinə görə, Sərəncamda deyilir ki, 2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə şiddətli yanğın baş verib. Ağır hava şəraiti və güclü qasırğa qəza yerində olan şəxslərin xilas edilməsi işlərinin aparılmasını çətinləşdiribr. Buna baxmayaraq, görülmüş tədbirlər nəticəsində 32 nəfər xilas edilərək təxliyə olunub. İlkin məlumata görə 1 nəfər həlak olub. Hazırda itkin düşənlərin axtarışı və xilas edilməsi tədbirləri davam etdirilir.  

Xilasetmə işlərinin sürətləndirilməsi, aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, baş vermiş qəzanın səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması məqsədi ilə qərara alıram:  

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

Komissiyanın sədri:   Artur Rasi-zadə - Azərbaycan Respublikasının Baş naziri  

Komissiyanın üzvləri:   Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini   Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Rövnəq Abdullayev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Natiq Əliyev - Azərbaycan Respublikasının energetika naziri  

Zakir Qaralov - Azərbaycan Respublikasının Baş prokuroru  

Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri  

Mədət Quliyev - Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini

Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd   Xidmətinin rəisi  

Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri  

Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri  

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri

Səlim Müslümov - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri  

Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi

2. Dövlət Komissiyası:   - itkin düşənlərin axtarışı və xilasetmə işlərinin sürətləndirilməsini təmin etsin;

- hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirsin;  

- qəza nəticəsində zərər çəkmiş şəxslərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etsin;  

- qəza nəticəsində xəsarət alanların müalicəsini təmin etsin;

- qəza nəticəsində dərin dəniz özülünün yararlılıq vəziyyətinin və ona dəymiş zərərin müəyyənləşdirilməsini təmin etsin;

- görülmüş işlər haqqında Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat versin.  

3. Azərbaycan Respublikası Baş Prokurorluğu Daxili İşlər, Fövqəladə Hallar və Milli Təhlükəsizlik nazirlikləri ilə birlikdə baş vermiş hadisənin səbəblərinin araşdırılması üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirsin.  

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.  

Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi