Modern.az

Ermənistandakı dəhşətli zəlzələdən 27 il ötdü

Ermənistandakı dəhşətli zəlzələdən 27 il ötdü

7 Dekabr 2015, 18:14


1988-ci il dekabrın 7-də Ermənistanda baş verən dağıdıcı zəlzələdən 27 il ötdü. Episentri Spitak şəhəri olan zəlzələ zamanı 25 mindən artıq adam həlak olub, 170 min nəfər isə xəsarət almışdı. SSRİ-nin tərkibində olan bütün müttəfiq respublikalar kimi Azərbaycan da zərərçəkən ermənilərə yardım əlini uzatdı. Ermənistanlı jurnalistlər qəzanın 27-ci ildönümü ilə bağlı 1988-ci il dekabrın 11-də Ermənistana yardım aparan və Bakıdan yola çıxan “İL-76M” təyyarəsinin qəzaya uğraması ilə bağlı bəzi məqamlara aydınlıq gətirməyə çalışıblar.           

Modern.az həmin yazını ixtisarla təqdim edir.

“1988-ci il dekabrın 11-i səhər tezdən Gümrü hava limanına enişə az qalmış, Bakı-Gümrü reysi ilə hərəkət edən “İL-76M” markalı yük təyyarəsi hava limanının 15 kilometrliyində dağa çırpılaraq qəzaya uğradı. 69 sərnişin və 10 heyət üzü arasında yalnız təsadüfdən təyyarənin qanad hissəsindəki yük maşınında olan Fəxrəddin Balayev sağ qalmışdı. Bu, Ermənistan ərazisində baş verən böyük aviasiya qəzası kimi tarixə düşüb.

Təyyarənin “qara qutu”su qəzanın səbəbi kimi pilotların səhvini göstərir. Araşdırma onu da göstərib ki, təyyarənin ekipajı uçuşdan əvvəl kifayət qədər istirahət edə bilməyib və qısa müddətdə bir neçə qrafikdən kənar uçuş həyata keçiriblər.

Ümumiyyətlə, 1988-ci ilin dekabrı Ermənistanda uçuşlar üçün əlverişli vaxt sayılmırdı. Həmin günlərdə keçmiş Yuqoslaviya respublikasından yardım daşıyan təyyarədə də Eçmiədzin və Armavir şəhərləri arasındakı ərazidə qəzaya uğramışdı. Deyilənə görə, Spitak zəlzələsinə görə ABŞ-a səfərini yarımçıq qoyan SSRİ prezidenti Mixail Qorbaçov da təyyarə ilə Gümrüyə eniş edərkən son anda qəzadan qurtulmuşdu.

Azərbaycandan Ermənistana gələn təyyarə SSRİ Müdafiə Nazirliyinin balansında olub və Litva ərazisində dislokasiya olunmuşdu. Qəzaya uğrayan təyyarənin göyərtəsində 50 azərbaycanlı, 13 ləzgi, 11 rus, 2 tatar, 1 erməni və 1 yəhudi olub. Onların hamısı qəzanın nəticələrini aradan qaldırmaq məqsədilə Gümrüyə göndərilmişdilər. Qəzadan sağ qurtulan Fəxrəddin Balayev 2010-cu ildə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Spitak zəlzələsi bütün SSRİ-ni sarsıtmışdı və müttəfiq respublikaların bütün rəhbərləri, o cümlədən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Əbdürrəhman Vəzirov da Ermənistana yollanmışdı.

Bununla yanaşı, Emil Axundovun başçılığı altında axtarış-xilasetmə işlərində aktiv iştirak edən azərbaycanlı xilasedicilər ermənilər tərəfindən təşəkkürnamələrlə mükafatlandırılmışdılar.

Azərbaycanlı xilasedicilər əsasən Gümrü yaxınlığındakı Haribcasyan kəndində və Amasiya rayonunun kəndlərində fəaliyyət göstərirdilər.

Həmin vaxt Ermənistana dəmiryolu xətti ilə gətirilən yardımların 85 faizi Mahaçqala-Bakı-Naxçıvan-Yerevan xəttinin payına düşürdü.

Amma həmin vaxtlar Dağlıq Qarabağda yaranmış gərginlik Azərbaycan və Ermənistan arasındakı münasibətlərə öz mənfi təsirini göstərmişdi. Ermənistan Nazirlər Şurasının sədri Fadey Sarkisyan öz “Həyat dərsləri” kitabında bəzi ermənilərin Azərbaycandan göndərilən yardımları geri qaytardığını yazır.

Azərbaycandan yardım gətirən ilk təyyarə 1988-ci il dekabrın 9-da Gümrü aerodromuna eniş etdi”.       





Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi