Bu gün Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası Şurasının üzvləri SOCAR-ın “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alan neftçilərə baş çəkib. Modern.az saytı xəbər verir ki, Şura üzvləri palataları gəzərək müalicə alan neftçilərlə görüşüblər. Şuranın koordinatoru Əliməmməd Nuriyev, Şura üzvləri- Sevil Allahverdiyeva, Rafiq Təmrazov, İlqar Hüseynli, Xalid Kazımov və Koalisiya üzvü Rübabə Hüseynli Neftçilər Xəstəxanasında olublar. Müalicə alan Mərdan Rəcəbov, Rəşid Hüseynov, Mətanət Əliyeva, Rəvan Orucov, Faiq Cəfərov, Əvəz Cəbrayılov, Baba Şükürov və Allahverdi Məmmədov bütün lazimi müalicəni aldıqlarını bildiriblər.
Neftçilərin vəziyyəti ilə maraqlanan Şura üzvlərinə bildirilib ki, hazırda xəstəxanada olan 8 nəfərin vəziyyətinin sabitdir. Hazırda xəstələrin həyatları üçün heç bir təhlükə yoxdur və onlar bütün müalicələri lazımi şəkildə alırlar.
Bildirilib ki, xəstələrdən yalnız bir nəfəri əməliyyat olunub. Əməliyyat olunan özülün rəisi Allahverdi Məmmədovun da hazırda vəziyyəti normaldır. Hazırda xəstələrdən 4 nəfəri cərrahiyyə şöbəsində, 4 nəfəri isə terapiya şöbəsində müalicəsini davam etdirir.
Şura üzvləri müalicə alan neftçilərin tezliklə sağalmalarını arzulayıb.
Modern.az