Dekabrın 7-də Mədəniyyət və Turizm Nazirliyində struktur bölmələrin iştirakı ilə kollegiya iclası keçirilib.
Modern.az saytının məlumatına görə, iclasda nazir Əbülfəs Qarayevin sədrliyilə IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının yekunları, Mərkəzləşdirilmiş Elektron Kitabxana-İnformasiya Sisteminin (ALISA) tətbiqi, Gəncə şəhəri və Şəmkir rayonu ərazisindəki tarixi abidələrin vəziyyəti, İmişli, Zərdab və Qax rayonlarının mədəniyyət və turizm şöbələrində nazirlik tərəfindən aparılan yoxlamaların nəticələri müzakirə olunub.
Əbülfəs Qarayev bu ilin 16-18 sentyabr tarixində nazirliyin təşkilatçılığı ilə IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının uğurla keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, 2017-ci ildə keçiriləcək V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına indidən hazırlıq görülməli, yeni əlaqələr qurulmalı və növbəti sərgi-yarmarkanın əhatəsi daha geniş olmalıdır.
Sonra Mərkəzləşdirilmiş Elektron Kitabxana-İnformasiya Sisteminin (ALISA) tətbiqi ilə bağlı məsələ müzakirə olunub.
Nazirliyin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova bu günə qədər görülən işlər, proqramın işləməsində ortaya çıxan çətinliklər haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, indiyədək 30 şəhər və rayon kitabxanası ALİSA sisteminə qoşulub. Sistem komplektləşdirmə, kataloqlaşdırma, elektron kataloq, idarəetmə və təşkilati struktur modulları, ətraflı axtarış, onlayn əməliyyatlar, rezervasiya, kitab verilişi, hesabat, statistika və digər modullardan ibarətdir.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxışında ALİSA sisteminin tətbiqi, rayon və şəhər kitabxanalarının sistemə qoşulması, digər kitabxana sistemlərinə inteqrasiya məsələləri barədə danışıb.
Sistemin tam olaraq istifadəyə verilməsi üçün ilin sonuna qədər proqram işlərinin yekunlaşdırılması, gələn ilin əvvəlindən isə bütün şəhər və rayonların kitabxana sistemlərinin ALİSA proqramına qoşulması qərar alınıb.
Növbəti məsələ olaraq Gəncə və Şəmkir ərazisindəki tarixi abidələrin vəziyyəti müzakirə olunub.
Əbülfəs Qarayev bildirib ki, ötən ilin dekabrında Prezident İlham Əliyevin sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılıb. Bu xidmət vasitəsi ilə qədim tarixi abidələrimizin qorunması, bərpası və gələcək nəsillərə çatdırılması ilə bağlı müvafiq işlər həyata keçirilir. Məsələyə dair kollegiyanın qərarı qəbul olunub və bu istiqamətdə zəruri addımlarla bağlı tapşırıqlar verilib.
Daha sonra İmişli, Zərdab və Qax rayon mədəniyyət və turizm şöbələrinin və onların tabeliyində olan müəssisələrin fəaliyyəti ilə bağlı nazirliyin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərlinin məruzəsi dinlənilib.
İmişli və Zərdab mədəniyyət və turizm şöbələrinin şəbəkəsinə daxil olan müəssisələrin fəaliyyətində aşkar edilən nöqsanlar barədə məlumatı diqqətə çatdırılıb. Qeyd edilib ki, Qax rayonunda mədəniyyət müəssisələrinin fəaliyyətinin təmin olunması və bölgədə turizmin inkişafı üçün lazımi işlər həyata keçirilir.
Məruzə dinlənildikdən sonra şöbələr və onun tabeliyindəki müəssisələrin rəhbər işçiləri barədə kollegiya qərar qəbul edib.
Şöbənin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə İmişli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Süleyman Bəşirovun vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alınıb.
Həmçinin qərara alınıb ki, 65 yaşının tamam olmasına görə, müvafiq qanunvericiliyin tələbi nəzərə alınaraq, Zərdab Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Eldəniz Abdullayevlə bağlanan əmək müqaviləsinə 1 yanvar 2016-cı il tarixdə xitam verilsin.
Kollegiyanın iclasına yekun vuran Əbülfəs Qarayev müzakirə olunan məsələlər və qeyd olunan nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlarını verib.
Modern.az