Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri də cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, qəza ərazisinə ilk yaxınlaşan “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri, son günlərin ağır və gərgin iş rejimi ilə ekstremal şəraitdə yanğınsöndürmə əməliyyatında qəhrəmancasına iştirak edən daxili xidmət polkovnik-leytenantı Vyaçeslav Kryuçkov dekabrın 7-də səhhətinin qəfil pisləşməsi səbəbindən Sabunçu rayonundakı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, Vyaçeslav Kryuçkov dekabrın 8-də həmin xəstəxanada ürək çatışmazlığından vəfat edib.
Vyaçeslav Kryuçkov 1970-ci il martın 22-də Bakı şəhərində anadan olub. Bakı Dənizçilik Məktəbini bitirib. 1991-ci il sentyabrın 17-dən yanğından mühafizə orqanlarında xidmət edib, 2008-ci il noyabrın 10-dan isə “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri idi. Özünü yüksək məsuliyyətli, peşəkar və fədakar əməkdaş kimi tanıdıb.
İki övladı var.
Gülşən RAUFQIZI