Bu gündən Bakı Beynəlxalq Avtovağzalında şəhərlərarası və beynəlxalq sərnişindaşıma fəaliyyəti göstərən avtobuslarda yeni GPS izləmə cihazının quraşdırılmasına başlanılıb.
Bu haqda Modern.az saytına məlumat verən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Şəfa Mehmanqızı deyib ki, sistem nəqliyyat vasitəsinin olduğu ərazi, hərəkətin sürəti, yanacağın sərfiyyatı və s. barədə məlumatı real vaxt rejimində dispetçer mərkəzinə ötürür:
“Bu sistemin köməyi ilə istənilən müddətdə və müxtəlif səfərlər üzrə sürücülük qabiliyyətinin dəqiq qiymətləndirilməsinə də nəzarət olunur. GPS sisteminin quraşdırılması yekunlaşandan sonra sərnişinlər Bakı Beynəlxalq Avtovağzalının saytına (bbak.az) daxil olaraq şəhərlərarası və beynəlxalq sərnişindaşıma sahəsində xidmət göstərən avtobusların çatma vaxtı ilə bağlı dəqiq məlumat əldə edə biləcəklər”.
Onun sözlərinə görə, əsas məqsəd beynəlxalq və daxili sərnişindaşımada xidmət keyfiyyətini yüksəltmək və vətəndaşların təhlükəsizliyinin təmin edilməsidir.
Gülşən RAUFQIZI