İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan dəyişikliyə görə balıqçılıq su obyektlərində istismar edilən su təsərrüfatı obyektlərinin balıqqoruyucu qurğularla təchiz edilməməsinə görə fiziki şəxslərin 1000 manat, vəzifəli şəxslərin 3000, hüquqi şəxslərin 15 000 manat miqdarında cərimələnməsi nəzərdə tutulur.
Modern.az bildirir ki, bu haqda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında məlumat verilib.
Komitə sədri Əli Hüseynli bildirib ki, məcəlləyə edilən digər dəyişikliyə görə, kino və videofilmlərin dövlət reyestrində qeydiyyata alınmadan Azərbaycan ərazisində yayımına və kütləvi nümayiş etdirilməsinə görə 2000 manat miqdarında cərimə ediləcəklər. İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan digər dəyişikliyə görə, gəmi agenti xidmətlərinin göstərilməsi üçün sertifikat olmadan dəniz limanlarında gəmi agenti xidmətlərinin göstərilməsinə görə fiziki şəxslərin 200, hüquqi şəxslərin isə 500 manat cərimələnməsi nəzərdə tutulur.
Digər dəyişikliyə görə, dəniz limanları reyestrinin aparılması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 100 manat cərimələnəcəklər. Dəniz limanının Gəmi və liman vasitələrinin mühafizəsi haqqında beynəlxalq məcəllədə nəzərdə tutulan sənədlər olmadan fəaliyyət göstərməsinə görə isə hüquqi şəxslər 1000 manat cərimə olunacaqlar.
Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına görə cərimələr də müəyyənləşib.
“İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı qeyd olunub ki, dini qurumların müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasından onun rəhbərlərinin boyun qaçırmasına, dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına, ruhanilər və dini qurumların üzvləri tərəfindən uşaqlar və gənclər üçün xüsusi yığıncaqların keçirilməsinə, habelə dini ayinlərin icrası ilə əlaqədar olmayan əmək, ədəbiyyat dərnəkləri və qrupları, digər dərnəklərin və qrupların təşkilinə, dini qurumun qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət göstərməsinə, dini qurumun öz yaranma məqsədlərinə zidd olan fəaliyyəti həyata keçirməsinə görə fiziki şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 7000 manatdan 8000 manatadək məbləğdə cərimə ediləcəklər.
Dəyişiklik layihəsi müzakirədən sonra Milli Məclisin iclasına tövsiyə olunub.
Aytən Zəhra