Bakının Nardaran qəsəbəsində bəzi mənzillərə elektrik enerjisinin verilişi bərpa edilib. Modern.az saytı xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
T.Mustafayevin sözlərinə görə, qəsəbədə bir sıra mənzillərdə smart tipli sayğaclar quraşdırılıb: "Sayğacların quraşdırıldığı mənzillərə həmin sayğaclara yüklənilən vəsait əsasında elektrik enerjisinin verilişi bərpa edilib".
Onun sözlərinə görə, qəsəbəyə elektrik enerjisinin verilişi ilə bağlı xüsusi qərargah yaradılıb: "Abonentlər elektrik enerjisi təchizatı üçün həmin qərargaha müraciət edə bilərlər. Müraciət əsasında hər bir abonentlə fərdi qaydada müqavilə bağlanır, sonra sayğac quraşdırılır".
Qeyd edək ki, noyabrın 27-dən Nardaranda elektrik enerjisinin verilişi dayandırılıb. “Azərişıq” ASC qəsəbəyə verilən elektrik enerjisinin abonentlərin borcuna görə dayandırıldığını bildirmişdi. B elə ki, Nardaran qəsəbəsinin sakinləri istifadə etdikləri elektrik enerjisinin pulunu uzun müddətdir ödəmədiyindən elektrik enerjisinə görə borcları 42 milyon 267 min manat olub.
Modern.az