Bu gün keçiriləcək daha 8 qarşılaşma ilə Çempionlar Liqasının qrup mərhələsinə yekin vurulacaq.
Modern.az bildirir ki, növbəti mərhələyə vəsiqəni təmin edən E qrupunun lideri “Barselona” (13 xalı var) Almaniyada 5 xalla qrupda üçüncü sırada qərarlaşan “Bayer”in qonağı olacaq. 5 xalla qrupda ikinci olan “Roma” növbəti mərhələyə adlamaq üçün Belarusun BATE (4 xal) klubunu mütləq yenməlidir.
F qrupunda 12 xalla birinci olan Münhenin “Bavariya” klubu səfərdə sonuncu yerdəki Zaqrebin “Dinamo” (3 xal) komandasının qonağı olacaq. 9 xalla ikinci sıradakı “Olimpiakos” bu dəfə səfərdə məğlub etdiyi “Arsenal”ı (6 xal) qəbul edəcək. London klubunun növbəti mərhələyə vəsiqə qazanması üçün 2 top fərqi ilə qalib gəlməsi lazımdır.
Bu turun ən maraqlı və gərgin qarşılaşmalarından biri Londonda baş tutacaq. G qrupunda hər ikisi 10 xal toplayan “Çelsi” “Porto”nu sınağa çəkəcək. Qrupu lider kimi başa vurmaq üçün London klubuna heç-heçə bəs edir. “Porto”ya isə səfərdə qələbə hava-su kimi lazımdır. Çünki 8 xalla qrupda üçüncü olan Kiyevin “Dinamo” komandası öz meydanında əvvəlki görüşlərinin hamısında məğlub olan “Makkabi”ni qəbul edəcək. Kiyevlilər qalib gələrsə, “Porto” da “Çelsi”yə uduzarsa, onda növbəti mərhələyə “Dinamo” vəsiqə qazanacaq.
H qrupunda 15 xal toplamaqla növbəti mərhələdə iştirak etmək hüququ qazanan “Zenit” 7 xalla ikinci sıradakı “Gent”in qonağı olacaq. Üçüncü yerdəki “Valensiya” (6 xalı var) 5 oyundan 1 xal əldə edən “Lion”u öz meydanında sınağa çəkəcək.
Qarşılaşmaların hamısı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Modern.az