Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbərinin müavini İlham Mərdanov tutduğu vəzifədən azad edilib.
Modern.az xəbər verir ki, trend-in yaydığı məlumata görə, bu gün İlham Mərdanovun fotosu və haqqında məlumat nazirliyin rəsmi saytından çıxarılıb. Amma onun vəzifədən azad edilməsi barədə hələ ki, rəsmi məlumat yoxdur.
İlham Mərdanov sabiq təhsil naziri Misir Mərdanovun qardaşıdır.
***
“Nazirlikdəki işimdən öz istəyimlə ayrılmışam”
Bunu AzVision.az-a açıqlamasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbərinin sabiq müavini İlham Mərdanov deyib.
O, nazirlikdə ciddi kadr dəyişikliyinin aparıldığını bildirib: “Nazirlikdə son vaxtlar ciddi dəyişikliklər baş verir. Yeni rəhbərlik ixtisarlara başlayıb. İş mühiti məni qane etmədiyi üçün öz istəyimlə ərizə yazıb, işdən ayrıldım. Sözsüz ki, məni işdən çıxaracaqdılar. Hətta rəhbərlikdən demişdilər ki, işə gəlməsin. Artıq birinci gündən işə getmirəm. Hələki, əmrim verilməyib”.
İ.Mərdanovun sözlərinə görə, nazirlikdə ciddi ixtisarlar gözlənilir: “Məndə olan məlumata görə, Aparatın bir çox işçiləri işdən çıxmaqla bağlı ərizə yazıblar. Kadrlar şöbəsi, nazirin köməkçisinə və ümumilikdə aparatın 5 nəfər işçisinə işdən çıxacaqları haqda xəbərdarlıq edilib”.
İ.Mərdanov bundan sonra fəaliyyətini müəllim kimi davam etdirəcəyini qeyd edib.
Xatırladaq ki, bundan öncə Aparat rəhbəri Vidadi Zeynalov vəzifəsindən uzaqlaşdırılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə V.Zeynalov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Modern.az