Modern.az

Yetkinlik yaşına çatmayanlarla bağlı qanuna dəyişiklik ediləcək

Yetkinlik yaşına çatmayanlarla bağlı qanuna dəyişiklik ediləcək

Təhsil

10 Dekabr 2015, 16:38

“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanuna və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” əsasnaməyə dəyişikliklər edilməsi təklif olunur. Modern.az xəbər verir ki, təklif Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub. Komitə sədri Aqiyə Naxçıvanlı qeyd edib ki, dəyişiklik sözügedən qanunun İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə uyğunlaşdırılması üçün nəzərdə tutulub. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 51.1-ci maddəsində bildirilir ki, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə xəbərdarlıq edilir və ya 40 manatdan 60 manatadək cərimə edilir.

Komitə sədri vurğulayıb ki, İnzibati Xətalar Məcəlləsi ilə uyğunlaşdırmaq məqsədilə qanunun 1.0.5-ci və 5.2-ci maddələrinə “öz vəzifələrini” sözlərindən sonra, əsasnamənin isə 10-cu maddəsinin birinci hissəsinin birinci abzasına “öz vəzifələrini” sözlərindən sonra “üzürlü səbəblər olmadan” sözlərinin əlavə edilməsi təklif olunur.

Təklif olunan dəyişiklikliyə görə, valideynləri və ya digər qanuni nümayəndələri yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və onların davranışına mənfi təsir göstərən və ya onlarla qəddar rəftar edən ailə sosial təhlükəli vəziyyətdə olan ailə-uşaqları sosial təhlükəli vəziyyətdə olan ailədir. Yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirmədikdə və ya onların davranışına mənfi təsir göstərdikdə, yaxud onlarla qəddar rəftar etdikdə valideynlər və ya digər qanuni nümayəndələr barəsində də yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikasını həyata keçirən orqan və müəssisələr fərdi profilaktik iş aparır.

Yetkinlik yaşına çatmayanların təlim-tərbiyəsi və saxlanılması sahəsində öz vəzifələrini üzrlü səbəblər olmadan icra etməyən, yaxud onların davranışına mənfi təsir göstərən valideynlər və ya digər qanuni nümayəndələrə komissiyalar xəbərdarlıq edə, yetkinlik yaşına çatmayanlar tərəfindən vurulan və 33 manatdan artıq olmayan məbləğdə maddi ziyanın ödənilməsini tələb edə, valideynlik hüququnun məhdudlaşdırılması və ya valideynlik hüququndan məhrum edilməsi, yaxud övladlığa götürmənin ləğv edilməsi barədə məhkəməyə müraciət edə, hərəkətləri və ya davranışları ilə yetkinlik yaşına çatmayanın həyatını və ya səhhətini real təhlükə altında qoyduqda qanuni nümayəndələrindən yetkinlik yaşına çatmayanın dərhal alınması üçün qəyyumluq və himayə orqanına müraciət edə bilər. Xəbərdarlıq etmək barədə komissiyanın çıxardığı qərar bir il müddətində qüvvədə qalır. Komissiya lazım bildikdə bu intizam təsir tədbirini birillik müddət başa çatmamış öz qərarı ilə ləğv edə bilər.

Deputatların müzakirəsindən sonra dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub.

Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi