Modern.az

"Ölkəmizdən keçən yol Çindən Avropaya ən qısa yol ola bilər"

 "Ölkəmizdən keçən yol Çindən Avropaya ən qısa yol ola bilər"

10 Dekabr 2015, 21:42

 

Azərbaycanın Çin ilə Avropa arasında mühüm tranzit dəhlizi rolunu oynaması üçün yaxşı potensial var. Bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 10-da Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə geniş tərkibdə görüşündə deyib.  

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək: "Keçən il Sizinlə görüşdük və ölkələrimiz arasında münasibətlərin geniş spektrini müzakirə etdik. Bizim Şanxay görüşündən sonra keçən bir il ərzində əlaqələrimiz daha da möhkəmlənib. Bu gün biz münasibətlərimizin gələcək inkişafını müəyyən edəcək bir sıra mühüm sənədlər imzalayacağıq. Onların arasında, əlbəttə, Sizinlə bərabər imzalayacağımız Bəyannaməni xüsusi qeyd etmək istərdim. Həmin Bəyannamə bizim niyyətlərimizi əks etdirir. Biz əlaqələrimizi genişləndirmək, siyasi dialoqu inkişaf etdirmək, beynəlxalq təşkilatlarda fəal əməkdaşlığı bundan sonra da davam etdirmək və iqtisadi əlaqələri möhkəmlətmək istəyirik. İpək Yolu iqtisadi zolağının yaradılması barədə Sizin təşəbbüsünüzü biz Azərbaycanda çox yüksək qiymətləndiririk".

Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında siyasi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirib, bu səfərin əməkdaşlığımızın genişlənməsinə töhfə verəcəyini vurğulayıb. Dövlət başçısı bir çox məsələlərdə iki ölkənin mövqelərinin üst-üstə düşdüyünü diqqətə çatdırıb.  

Prezident İlham Əliyev Çində iqtisadi baxımdan gələcək inkişafla bağlı böyük uğurlar qazanıldığını, Azərbaycanın da mühüm iqtisadi nailiyyətlər əldə etdiyini, ölkələrimizin iqtisadi sahədə əməkdaşlığının genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edib.  

Azərbaycan Prezidenti ölkələrimizin beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq həyata keçirdiyini diqqətə çatdırıb. Azərbaycanda gedən iqtisadi inkişaf proseslərindən danışan dövlət başçısı Sian şəhərinə səfərini xatırladıb, buradakı qədim mədəniyyətin bütün dünyanın sərvəti olduğunu bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev dövlət başçıları tərəfindən imzalanacaq Birgə Bəyannamədə bu problemin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsasında həll edilməsinin əksini tapmasının önəmli olduğunu vurğulayıb.

Dövlət başçısı Çinin münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini dəstəklədiyini yüksək qiymətləndirib, ölkəmizin də “Vahid Çin” prinsipinə dəstək verdiyini qeyd edib.

İki ölkənin rəhbərləri arasında şəxsi dostluğun münasibətlərimizin inkişafına töhfə verdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu və bunun ölkəmizin xarici siyasətinin prioritetlərindən birini təşkil etdiyini deyib.

Terrorizm, təcavüzkar separatizm, ekstremizm kimi təhlükələrlə mübarizədə ölkələrimizin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın önəmini qeyd edən Azərbaycan Prezidenti Çin şirkətlərinin Azərbaycanda energetika sektorunda fəaliyyət göstərdiyini, ölkəmizin informasiya-kommunikasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Azərbaycanın və Çinin Asiya İnfrastruktur İnvestisiyaları Bankının həmtəsisçiləri olduğunu qeyd edən Prezident İlham Əliyev hökumətlərarası komissiyasının bu yaxınlarda keçirilən görüşünün iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırıb.  

Nəqliyyat sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın Çin ilə Avropa arasında mühüm tranzit dəhlizi rolunu oynaması üçün yaxşı potensial var və ölkəmizdən keçən yol Çin ilə Avropa arasında ən qısa yol ola bilər. Azərbaycanda infrastrukturun yaradılması, nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində çox böyük işlər görüldüyünü deyən dövlətimizin başçısı investisiya qoyuluşu sahəsində əməkdaşlığın genişləndirilməsinin, texnoparklarda Çin şirkətlərinin iştirakının mümkünlüyünü qeyd edib.    

 

Modern.az     

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi