Modern.az

“Manatla olan əmanətlər banklardan geri çəkilib”

“Manatla olan əmanətlər banklardan geri çəkilib”

Təhsil

11 Dekabr 2015, 11:10

“Azərbaycan vətəndaşları xarici valyuta ilə depozitlərə üstünlük verirlər”

Aparıcı riteyl banklar dollar üzrə depozit faizlərini 3 faizdən 7 faizədək yüksəldiblər.

Bu haqda Modern.az saytına danışan iqtisadçı Vüqar Bayramov deyib ki, bir müddət öncə, sığortalanan 30 min dollar əmanətə ildə orta hesabla cəmi 900 dollar divident hesablayan banklar həmin məbləğə görə artıq 2100 dollar təklif edirlər. Ekspert məsələni belə şərh edir: “Bu o deməkdir ki, sözügedən məbləğ üzrə təklif edilən divident ödənişləri 2.3 dəfə artıb. Manatla əmanətlərə 12 faizdən çox divident təklif edən banklar yenə də xarici valyutalara nisbətən aşağı faiz hesablasalar da, daha çox depozit cəlb etmək üçün xarici valyutalara da nisbətən “isti münasibət” bəsləməyə çalışırlar.

Manatla divident faizlərinin yüksək olmasına baxmayaraq, vətəndaşlar potensial valyuta risklərini sığortalamaq üçün xarici valyuta ilə depozitlərə üstünlük verirlər. Xarici valyuta depozitlərinə əvvəllər aşağı faizin təklif edilməsi isə vətəndaşlarda əmanət qoyuluşlarına stimul yaratmırdı. Təbii ki, banklara inamın azalması da bu məsələdə az əhəmiyyətli deyildi. Əmanət qəbul edən kooperativ banklarda isə xarici valyuta üzrə faizlər yenə əvvəlki səviyyədə saxlanılıb. Xarici valyuta üzrə faiz dərəcələrinin artırılması birbaşa bankların nağd vəsaitlərə ehtiyacının yüksəlməsi ilə bağlıdır”.

Vüqar Bayramovun sözlərinə görə, bu ilin iyun ayında depozitlərin həcmi 7 milyard 653 milyon idisə, iyul ayında 7 milyard 605 milyon, avqustda 7 milyard 320 milyon, sentyabrda 7 milyard 311 milyon, oktyabrda isə 7 milyard 172 milyon manat olub: “Göründüyü kimi, bu ilin ikinci yarısında hər ay əvvəlki aya nisbətən depozit məbləğində azalma müşahidə edilib. Bunun əsas səbəbi milli valyuta ilə olan əmanətlərin bir qisminin banklardan geri çəkilməsi olsa da, xarici valyuta üzrə depozit faizlərinin kəskin azaldılması da təsirsiz ötüşməyib.

Bu baxımdan, banklar artırılan depozit faizləri ilə daha çox vəsaitlər cəlb etməyə çalışacaqlar. Bəzi bankların nağd likvidliyinin azalması da xarici əmanətlər üzrə faiz dərəcələrinə yenidən baxılmasına vadar edib. Bundan başqa, depozit faizlərinin aşağı olması xarici investisiya qoyuluşlarına da neqativ təsir göstərirdi. Banklar bununla xarici sərmayələrin cəlbinə də çalışırlar”.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi