Nardaranda “Gənclər şəhərciyi”nin tikilməsi ilə bağlı Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovun təklifi müxtəlif şəklildə dəyərləndirilir.
Deputat Eldar Quliyev Modern.az-a açıqlamasında bildirib ki, “Gənclər şəhərciyi” Nardaranda deyil, Maştağada olsa daha yaxşıdır. O, bu fikrini Maştağanın mərkəzi ərazi olması ilə əlaqələndirib.
“Məlumdur ki, hökümətdə ali təhsil müəssisələrinin də Bakıətrafına köçürülməsi təklifləri də var. Belə tədbirləri yəqin ki gələcəkdə nəzərdə tutmaq, dövlət proqramına salmaq olar. Eyni zamanda orada tədris müəssisələri, kollec, lisey açmaq olar. Mən təklif edirəm ki, orada yeni iş yerləri açılsın. Məsələn, sovet zamanı xalça fabriki fəaliyyət göstərirdi, onu yenidən qurmaq, yeni avadanlıqlar gətirməklə fəaliyyətini bərpa etmnək olar. Bununla da qadınların işlə təmin olunmasında böyük irəliləyiş edilər”.
E.Quliyev bildirib ki, “Gənclər şəhərciyi”nin dəniz qırağında salınması da müsbət ola bilər. “Ora həm kütləvi tədbirlər keçirmək, həm gənclərin istirahəti üçün yaxşı məkandır”.
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov isə deputatın təklifinə müsbət yanaşmayıb
“Bu haqda münasibət bildirməyə lüzum görmürəm. Məlum deyil ki, bu olacaq, ya yox, hakimiyyətdə də bu fikirlər səsləndirilməyib. Digər tərəfdən şəhərciyin burada salınmasının nə mənası var? Bizim öz gənclərimiz var. Bura şəhər deyil, kənd yeridir. Bura başqa şeyin daxil olmasının lüzumu yoxdur. Bu barədə hələ ki bir fikrim yoxdur ki, mənfi və ya müsbət. Lakin kənd yerinə qıraqdan adam gətirmək gələcəkdə tamam başqa məslələrdən xəbər verir. Bunun nə mənası var?”
Aytən ZƏHRA