Modern.az

Bakıda saxta makaron, şirniyyat AŞKARLANIB

Bakıda saxta makaron, şirniyyat AŞKARLANIB

11 Dekabr 2015, 16:58


Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti və Bakı Vergilər Departamenti dekabr ayının 10-da Binəqədi rayonunda fiziki şəxs Emin Quliyevin şirniyyat və digər un məmulatlarının istehsalı ilə məşğul olduğu obyektdə operativ nəzarət tədbirləri keçirib.

Nazirliyin analitik-informasiya şöbəsindən Modern.az saytına verilən məlumata görə, obyektdə üzərində vergi ödəyicisinin soyadı, adı, atasının adı, şəxsiyyəti eyniləşdirmə nömrəsi (VÖEN) və malın saxlanma müddəti barədə məlumatlar yazılan etiketlər olan 151 ədəd müxtəlif ölçülü paketlərdə qablaşdırılan makaron məmulatları, 233 qutu müxtəlif növ şirniyyat məhsulları, 67 kisə un, 2 kisə şəkər, 3 ədəd 5 litrlik qablarda bitki yağı və digər xammal aşkar edilib, istehsal sobalarının istifadəyə hazır vəziyyətdə olduğu müəyyən edilib.

Məlumatda qeyd edilir ki, elə həmin gün Bakı şəhəri, Sabunçu rayonu, Daş karxanası ərazisində yerləşən, fiziki şəxs Nahid Əliyevin un məmulatlarının istehsalı ilə məşğul olduğu obyektdə içərisində fiziki şəxsin adı və ona məxsus olmayan başqa bir VÖEN göstərilmiş etiketlər olan 864 ədəd sellofan paketdə “Ruskaya Korona” adı ilə qablaşdırılan makaron, vermişel, əriştə məhsulları, eləcə də 63 kisə un aşkar edilərək, müvafiq qaydada rəsmiləşdirilib. Bunlardan əlavə, vergi ödəyicisinin əmək qanunvericiliyini kobud şəkildə pozaraq, 6 nəfər fiziki şəxslə əmək müqaviləsi bağlamadan onları işlərin yerinə yetirilməsinə cəlb etdiyi də aşkarlanıb.

Nahid Əliyevin 2012-ci oktyabrın 30-dan, Emin Quliyevin isə 2015-ci il yanvarın 17-dən vergi ödəyicisi kimi fəaliyyətlərini müvəqqəti olaraq dayandırmalarına baxmayaraq, aparılan araşdırmalar zamanı hər iki şəxsin faktiki olaraq sahibkarlıq fəaliyyətini davam etdirərək gəlir qazandığı, vergi orqanına bəyannamə təqdim etmədiyi və dövlət büdcəsinə vergi ödəmədiyi müəyyənləşdirilib. Aşkarlanan vergi hüquqpozmaları ilə yanaşı, sözügedən istehsal sahələrində sanitar-gigiyenik normalara da riayət olunmadığı, obyektlərin hər yerində antisanitariya şəraitinin hökm sürdüyü aşkarlanıb.

Hər iki vergi ödəyicisinin istehsal və satış dövriyyəsini müəyyənləşdirmək üçün əhəmiyyət kəsb edən bir sıra qara mühasibatlıq sənədləri aşkar edilərək maddi sübut qismində götürülüb. Paralel olaraq, həmin şəxslərin istehsal etdikləri malları müntəzəm olaraq alan bir qrup vergi ödəyicilərində də müvafiq tədbirlər keçirilmiş, adları yuxarıda göstərilən vergi ödəyicilərinə aid obyektlərdə istehsal olunub satışa verilmiş mallar nümunə kimi götürülmüş və onlar arasında mal dövriyyəsinin həcmi müəyyən edilib.

Tədbir zamanı aşkarlanan qanun pozuntuları müvafiq qaydada rəsmiləşdirilib, barələrində mövcud qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək.  

Gülşən RAUFQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi