Bu gün mərhum dövlət başçısı Heydər Əliyevin vəfatının 12-ci ildönümüdür. Azərbaycanın müasir 34 illik ictimai-siyasi həyatı (1969-2003-cü illər) Heydər Əliyevin adı ilə bağlıdır. Bu müddətdə o, Azərbaycana rəhbərlik etməklə yanaşı, həm də dövlət idarəetməsində irəli çəkdiyi yüzlərlə kadr yetişdirib. Həmin kadrlardan biri də uzun müddət partiya-sovet orqanlarında yüksək vəzifələrdə işləmiş, hazırda Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadədir.
Əhməd müəllimlə də söhbətimiz məhz Heydər Əliyevlə arasında olmuş bir hadisə ilə bağlıdır. Əhməd müəllim söhbətə belə başlayır:
- Günlərin bir günü rayonumuzun - Qaxın birinci katibi işləyən Səfiyyə Dibirova məni çağırdı, dedi ki, bir məktub var, onu aparıb vermək lazımdır Mərkəzi Komitəyə. O, mənə ya “yoldaş Əhmədzadə” deyirdi, ya “selloid” deyirdi, sel-su işləri ilə məşğul olduğuma görə (gülür). Dedi, “selloid, bir dənə məktub var, bunu çatdırmaq lazımdır Mərkəzi Komitəyə. Amma sənin Bakıya getməyini Qaxda heç kim bilməməlidir”. Bu yerdə onu xatırladım ki, bizim onunla həm də müəyyən ailə söhbətlərimiz olmuşdu...
- Nəyə görə?
- Çünki mənim həyat yoldaşım Qaxda komsomol işçisi idi. Özü də bizi çağırıb ayrı-ayrılıqda söhbət etmişdi ki, “ikiniz də perspektivlisiniz, amma bu rayonda biriniz qabağa gedə bilərsiniz”. Mən demişdim ki, “istəyirsiniz, məsləhətdirsə, yoldaşımı komsomola birinci katib qoyun işləsin, mənə yeni vəzifə lazım deyil”. Məndən sonra yoldaşımı da çağırmışdı ki, vəziyyət belədir, o da demişdi ki, “yox, mən qadınam, mənim ev işlərim var, evin kişisidir, qoy o getsin qabağa, qoy o olsun”. Dediyim odur ki, aramızda belə səmimi söhbətlər olmuşdu. Çox incə, çox diqqətli adam idi, hər şeyi ölçürdü-biçirdi. Bir də ailə məsələsini başa düşürdü ki, nə ola bilər...
Yəni, o tarazlığı gözləyirdi. Nə isə, sonra dedi ki,”bunu heç kəs bilməsin”. Dedim ki, “mən evli adamam, ailə sahibiyəm, heç kəs bilməsə də, yoldaşım bilməlidir hara getdiyimi. Hara getdiyimi bilməlidir ki, mən olmayacağam, axşam evə gəlməyəcəyəm”. Güldü, dedi, “yaxşı, ona da de, amma get, burda heç kəs bilməsin, o da heç bilməsin ki, Bakıya gedirsən”. Dedim, yaxşı. O vaxt elmi rəhbərim var idi Gürcüstanda. Dedim, yaxşı, onda deyərəm, gedirəm Tiflisə. Beləliklə, məktubu da götürüb Zaqataladan təyyarə ilə gəldim Bakıya. Ancaq düzünü desəm, bilmirdim məktubun içində nə var. O vaxtı da bəzi gürcü şovinistləri var idi ki, Gürcüstandan gəlirdilər Qaxda yaşayan gürcülər arasında anti-təbliğat aparırdılar Azərbaycanın əleyinə.
Dedim, yəqin məktub onunla bağlıdır, birinci katib də istəmir ki, kimsə bilsin, birdən məktub itər-filan, ona görə məndən göndərir. O vaxtı “KQB”, Kommunist Partiyasının Mərkəzi Komitəsi də diktator kimi durmuşdu başımızın üstündə. Dedim, vəziyyətlə bağlı yəqin onlara cavab təcili çatmalıdır. Gəldim Mərkəzi Komitəyə, çünki məktubu kuratora təhvil verməli idim. Kurator dedi ki, sənin buraxılışın var, gəl bura. Buraxılış vərəqəsini də götürüb çıxdım kuratorun kabinetinə, kurator da aldı məktubu, açdı, oxudu...
- Məktubun içindəkilər barədə Sizə bir söz demədi, bəs?
- Heç nə demədi, mən də, yenə deyirəm, bilmirəm məktubun içində nə var... Heç məktubun məzmunundan da, həcmindən də xəbərim yox idi. Amma gördüm ki, bir vərəqdir. Fikirləşdim ki, bir vərəqdə böyük şey olmaz, yəqin arayış olar. Mənim qabağıma anket qoydu, dedi, doldur. Dedim, bu, nədir? Dedi ki, sən büro üzvüsən? Dedim ki, bəli. Dedi, sənin şəxsi işin olmalıdır, gərək anketi doldurasan. Şəxsi işi doldurandan sonra dedi, səni rəhbərlik qəbul edəcək. Apardılar məni Mərkəzi Komitənin şöbə müdiri İsmayıl Əsgərov yanına, onunla da haradasa iki saat danışdıq, söhbət etdik.
- Sizi ondan əvvəlcə kim qəbul etmişdi?
- Əvvəlcə, Ramiz Hüseynov. O, Mərkəzi Komitədə inspektor idi. Nə isə, İsmayıl Əsgərov mənimlə söhbət etdi, söhbətimiz də iki saata yaxın çəkdi, amma o da mənə heç nə demədi. Bu nədir, nə məsələdir, heç nə demədi. Sadəcə, onu dedi ki, gözlə bala, səni rəhbərlik qəbul edəcək. Sonra da məni götürdü apardı bir- iki mərtəbə yuxarıya, ordan da kabinetə daxil oldum. Mən də bilmirəm , tanımıram bura kimin qəbul otağı, kabinetidir, mən nə bilim ki, bura haradır... İsmayıl müəllim də məni köməkçinin yanına qoydu, özü keçdi içəri.
Bu şəxsi işi - başqa bir yoldaş var idi, onunla bir yerdə içəri qoydu çıxdı. Çıxdı içəridən və dedi ki, səni qəbul edəcəklər, oğul. Beləliklə, sonradan bildim ki, bura haradır, kimin kabinetidir. Beləliklə o zaman Mərkəzi Komitənin birinci katibi işləyən rəhmətlik Heydər Əliyev məni qəbul etdi, bir 10-15 dəqiqə mənimlə söhbət etdi.
- Bu, neçənci ildə oldu?
- 1975-ci ilin iyun ayı idi. Heydər Əliyev dedi ki, “səni rayon partiya komitəsi, bir də Mərkəzi Komitənin şöbəsi Qax rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə təqdim edir”. Mən də bundan sonra nə deyə bilərdim? (Gülür). Dedim ki, “bu, mənim üçün çox böyük etimaddır”. Heydər Əliyev də qayıdıb dedi ki, “mən də onların təqdimatını müdafiə edirəm, cavansan, çox gəncsən, amma görürəm işləyə bilərsən. Gəncsən, savadlısan, dünyagörüşün yerindədir, get işlə”. Mən həmçinin onu dedim ki, xalqın, dövlətin böyük etimadı həm də böyük məsuliyyətdir.
O söz də Heydər Əliyevin çox xoşuna gəldi. Dedi, “düz deyirsəm, böyük məsuliyyətdir. Etimadı də gərək doğruldasan, işini məsuliyyətlə yerinə yetirəsən”. Mənim də daha “yox gedə bilmərəm, işləyə bilmərəm” deməyimə şərait yox idi. Çıxdım, gəldim şöbəyə. Şöbədə dedilər ki, get, rayonda sessiya keçirəriləcək, səni seçəcəklər. Mən ordan qayıtdım gəldim rayona. Getdim Suvarma Sistemləri İdarəsinə işə, işimdəyəm. Bir də gördüm Səfiyyə müəllimə zəng edir. Dedi, “gəlmisən?”, dedim, bəli. Dedi, “bəs niyə gəlmirsəm mənin yanıma?”.
Dedim “niyə gəlim ki?”. Belə - bir az incik kimi danışdım. “Dur gəl bura” dedi. Getdim yanına. Başladı gülməyə. Dedi ki, “hamısından xəbərim var. Mən bilirdim, sənə desəm, etiraz edəcəksən, getməyəcəksən, çünki demişdin ki, elm dalınca gedirsən, elmi işin var, vəzifə istəmirsən, mən də baxdım gördüm bu rayonda sən daha çox bu vəzifəni haqq edirsən, ona görə məsləhət bildim. Dedi, sağ olsun, Heydər Əliyev də səni müdafiə edir, çox xoşu gəlib. Hamısından xəbərim var”. Amma dedi ki, indi bilmirəm, sən necə olacaqsan, gələcəkdə məni söyəcəksən ki, məni bu bəlaya salan belə olsun, elə olsun, amma, hər halda bu, hökumət işidir. Cavan vaxtımda məni də bu işə salıblar, özün də görürsən mənim həyatım nədir-necədir. Dedi k, artıq özün üçün yaşamaqdan əl çəkdin.
Sən xalq üçün, camaat üçün yararlı adama çevrilməlisən. Sən o işə doğru yola düşdünsə, gərək onu çox qeyrətlə, böyük məsuliyyətlə qət edəsən və doğrudan da, camaat desin ki, bu, camaata rəhbər işləməyə yarayar, yəni, qiyməti camaat verməlidir”. Sonra bir az məsləhətlərini də verdi. Dedim, “niyə bəs belə etdiniz, mənə niyə əvvəldən heç nə demədiniz?”. Dedi ki, “mən İsmayıl Əsgərova da demişdim ki, əgər sən desən, sənin yanında da etiraz edəcək, vəzifədə istəməyəcək, çıxıb gələcək, o, tərsin biridir, siz deməyin, amma Heydər Əliyev desə, etiraz edə bilməyəcək, ona deyə bilməyəcək ki, olmaz”...
Kamil Həmzəoğlu