Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Bakı Beynəlxalq Myultikulturalizm Mərkəzində müşavirə keçrib.
Modern.az xəbər verir ki, müşavirədə “Kitabi-Dədə Qorqud” dastanının alman şərqşünası Henri Fridrix fon Dits tərəfindən dünyaya tanıdılmasının 200 illiyi ilə bağlı Prezident İlham Əliyevin verdiyi sərəncamdan irəli gələn tədbirlərin icrası müzakirə olunub.
K.Abdullayev deyib ki, Prezident İlham Əliyev “Kitabi Dədə-Qorqud” dastanının dünya elm aləminə tanıdılmasının 200 illiyi ilə əlaqədar sərəncam imzalayıb. Sərəncamdan irəli gələrək ilboyu çoxlu sayda beynəlxalq simpoziumlar, elmi konfranslar, dəyirmi masalar düzənlənib. Bu günlərdə Multikulturalizm Mərkəzi alman şərqşünası Henri Fridrix fon Dits tərəfindən alman tərcümə edilərək ön söz yazdığı “Basatın Təpəgözü oldürməsi” boyu kitabını 25 dilə çevirərək nəşr edib. Dekabrın 17-də bu mövzuda Almaniyanın Drezden şəhərində, dekabrın 22-də isə Bakıda yekun konfrans keçiriləcək.
Sonra müşavirədə çıxışlar edilib. Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli Azərbaycan eposu olan “Dədə Qorqud” dastanın dünya epos düşüncəsinə bir nümunə olduğunu vurğulayıb.
Mədəniyyət və turizm nazirinin muavini Ədalət Vəliyev ölkə başçısının sərəncamına uyğun olaraq məsul olduqları yekun tədbirin proqramı və xarici ölkələrdən gələn qonaqların tərkibi barədə məlumat verib. Təhsil Nazirliyinin idarə rəisi Gültəkin Hüseynova çıxış edərək Prezident İlham Əliyevin sərəncamın bütün Azərbaycan üçün çox vacib olduğu, Təhsil Nazirliyi üçün də çox böyük əhəmiyyət kəsb etdiyi və nazirliyin bu sərəncama uyğun olaraq xarici ölkələrdə, o cümlədən ölkəmizin müxtəlif bölgələrində konfransların keçirildiyini söyləyib.
AMEA-nın Fəlsəfə və Hüquq İnstitunun direktoru İlham Məmmədzadə, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Bakı Beyneəlxalq Multikulturalizm Mərkəzinin icraçı katibi Azad Məmmədov, Prezident yanında Bilik Fondunun icraçı katibi Oktay Səmədov, Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev çıxışlarında “Kitabi- Dədə Qorqud” dastanının alman şərqşünası Henri Fridrix fon Dits tərəfindən dünyaya tanıdılmasının 200 illiyi ilə bağlı Prezident İlham Əliyevin verdiyi sərəncamın üstün məziyyətlərində söz açıb və mənsub oıduqları təşkilatların həyata keçirdikləri tədbirlər barədə məlumat verib.
Müşavirənin sonunda 25 dilə tərcümə edilərək çap olunan “Basatın Təpəgözü öldürməsi” boyu iştirakçılara hədiyyə edilib.
Modern.az