Modern.az

“Qafqaz Müsəlmanları İdarəsinin ləğvini istəyənlər təxribatçıdırlar”

“Qafqaz Müsəlmanları İdarəsinin ləğvini istəyənlər təxribatçıdırlar”

14 Dekabr 2015, 16:26


Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Qafqaz Müsəlmanları İdarəsinin ləğvi iddiası ilə çıxış edib. O, iddiasını belə əsaslandırıb:

“Allahşükür Paşazadənin hansısa telekanala çıxıb, hansısa dini məsələni şərh etdiyini görmüsünüz? Necə olur ki, İranda Xamneyi hər həftə cümə günü xalq qarşısında çıxış edir? Bütün dünyada hər həftə dini liderlər xalq qarşısında çıxış edirlər. Eləsi var ki, xəstə olduğu halda çıxış edir, eləsi də var ki, xütbə oxuduğu yerdə ölür, amma son nəfəslərinə qədər dinin təbliği ilə məşğuldurlar. Amma Allahşükür Paşazadə bu günədək dinin təbliği ilə məşğul olmayıb.

Dini təbliği Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin kafedra müdiri Vasim Məmmədəliyev aparır, onun da dinlə heç bir əlaqəsi yoxdur.

Belə olan halda Qafqaz Müsəlmanları İdarəsi nəyə xidmət edir? Dini təbliğat aparmır, insanların dini inanclarla bağlı olan problemlərinin həllində iştirak etmir, özü də Azərbaycanda başqa dövlətlərin də dindarlarını idarə edən təşkilatın rəhbəri kimi fəaliyyət göstərir. Həm qeyri-konstitusiondur, həm qeyri-qanunidir, həm də dinə ziddir. Bu qədər qanuna və dinə zidd olan qurumun saxlanmasına nə ehtiyac var? Azərbaycan Konstitusiyası baxımından bu qurum ləğv edilməlidir”.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun bu ittihamlara reaksiyası sərt olub. O, Modern.az saytına açıqlamasında bu fikirləri səsləndirənləri təxribatçı adlandırıb:

“Həmin adamlar və ona dəstək verən  ilahiyyatçılar Azərbaycanda təxribat törətmək üçün bu fikirləri ortaya atıblar. Bütün dövrlərdə, hətta sovet hakimiyyəti zamanı, çar dövründə də Qafqaz Müsəlmanları İdarəsi fəaliyyət göstərib. Azərbaycan dünyəvi dövlətdir, Konstitusiyaya görə din dövlətdən ayrıdır. İdarə ictimai təşkilat kimi fəal fəaliyyət göstərir, dinin təbliği, tədrisi ilə geniş məşğuldur. Yerlərdəki axundları, imamların hamısını Qafqaz Müsəlmanları İdarəsi dini etiqad azadlığına uyğun təyin edir və bu haqda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məlumat verir”.

Parlament rəsmisi qeyd edib ki, bütün bunları görmək istəməyən, özünün rolunu yüksəltmək iddiasında olan, din adı altında başqa-başqa ölkələrin quruluşunu, təbliğatlarını həyata keçirmək istəyənlərin arzusudur ki, bu idarə ləğv olunsun: “Amma bunu görməyəcəklər. Meydana atılan bu fikirlərdə məqsəd çirkin, qaranlıq niyyətlərdir ki, hər bir məscid öz-özlüyündə başlı-başına fəaliyyət göstərsin, orda qadağan olunan dinlərin təbliği ilə məşğul olsunlar.

Bildiyiniz kimi, Allahşükür Paşazadə 20 Yanvar faciəsindən bu yana ölkəmizin bütün taleyüklü məsələlərində, çətin anlarında xalqla, ictimaiyyətlə, prezidentlə birgə olub. İşinin öhdəsindən də çox yaxşı gəlir və vəzifə səlahiyyətlərini yerinə yetirir”.

Qeyd edək ki, ilahiyyatçı Elşad Miri Sərdar Cəlaloğlunun fikirlərini dəstəkləyib. 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi