
Bu gün Fəvvarələr Meydanında“Soyuq əllər, isti ürək” yarmarkasının “Qanun” nəşriyyatı evində gənc yazar-dramaturq, esseist Pərvinin “Qadın olmaq” kitabının imza günü keçirilib.
Modern.az xəbər verir ki, “Qanun” nəşrlər evinin təşkil etdiyi silsilə imza günləri mərasimində gənc xanım yazarın kitabı xüsusi marağa səbəb olub.
Qeyd edək ki, Kitabda on məşhur qadının, tarixdə məhz QADINlıqları ilə iz buraxmış xanımların həyatı, taleyi, sevgi hekayələri öz əksini tapıb. Esselər ayrı-ayrı adamlara həsr olunsalar da, bunları bir əsas amal, ideya birləşdirir. Müəllif kitabın girişində bunları deyir: “On Qadın, on tale, sevgilər… Əslində bütöv bir Qadınlıq tarixində bu on xanımın taleyi kiçik bir yer tutur.
Dünyada haqqında yazılası, həyatı araşdırılası yüzlərlə qadınlar olub, var. Niyə məhz bu qadınlar? Bu sualın cavabını oxucu esselərlə tanış olduqca, onların dərinliyinə getdikcə tapacaq.
Bu məqamda sadəcə kitabın adına kiçik bir izah verib deyə bilərəm ki, bu on qadının hər birinin bioqrafiyasında, xarakterində QADINlığın, QADIN olmağın sirrləri gizlənir. Və mən müəllif kimi məhz bu sirrləri kodlar, eyhamlar, şifrələr şəklində oxucuma çatdırmağa çalışmışam. Amma bu qətiyyən o demək deyil ki, yazılar, kitab yalnız qadın oxucuya hesablanıb.
Mənə görə qadınlıq sirrləri, qadın hissləri, gizlinləri qarşı cinsi daha çox düşündürməli, narahat etməlidir. Bu mənada bəylərin də bu on qadının həyat hekayələrindən nələrsə əxz edəcəyinə ümidim var”. İmza günüdə tələbələr, ədəbiyyat adamları və kitab sevərlər iştirak ediblər.

Elmin NURİ