Modern.az

Axı nə vaxta qədər?! – Əli Nağıyevə CAVAB

Axı nə vaxta qədər?! – Əli Nağıyevə CAVAB

16 Dekabr 2015, 18:08

 

İlqar İsmayılzadə (İlahiyyat elmləri doktoru)  

 

Dünən sosial şəbəkələrdə keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri (1996-2006) hörmətli Əli Nağıyevin müsahibəsini oxudum və sözün həqiqi mənasında narahat oldum.

İlk öncə professor Əli müəllimin bioqrafiyasını axtarıb onun ixtisası ilə tanış olmaq istədim.

Deməli, Əli müəllim 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin tətbiqi-riyaziyyat fakültəsini bitirib.

1980-1983-cü illərdə Leninqrad Aqrofizika İnstitutunun aspirantı omuş, 1983-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Texnika elmləri doktorudur.

1983-cü ildən Bakı şəhərində elmi-tədqiqat institutlarında kiçik elmi işçi, baş elmi işçi vəzifələrində işləmişdir. Elmi fəaliyyəti riyaziyyatın ekoloji və iqtisadi sistemlərə tətbiqi sahəsinə aiddir. Bioqrafiyada nə qədər diqqət etsəm də Əli müəllimin ilahiyyat sahəsində hər hansı bir ali təhsilə malik olduğunu görə bilmədim.

Əli müəllim! Axı siz Azərbaycan Dövlətçiliyinə xidmət göstərmiş önəmli şəxslərdən birisiz.

Dövlət xadimləri hər kəsdən öncə ölkənin sabitliyini qorumalıdır. Bunu da yaxşı bilirsiz ki, Azərbaycanın bu həssas dönəmində dinlə bağlı belə açıqlamalar cəmiyyət arasında hansı mənfi reaksiyalara səbəb ola bilər.

Əlbəttə, bu olay uyğun sahədə üzləşdiyimiz ilk hadisə deyil.

Çünki okeanın o tayında mühacirət həyatı yaşayan və ixtisası neft kimyası (texnoloq-mühəndis) olan, həm də Milli Məclisin keçmiş spikeri (1993-1996) Rəsul Quliyev ara-bir dinlə bağlı sərgilədiyi münasibətləri ilə müəyyən qalmaqallara səbəb olur.

Eləcə də Azərbaycan Tibb Universitetində ali tibb təhsili alan və ixtisasca məhkəmə-tibb eksperti sayılan Azərbaycan Demokrat Partiyasının sədri hörmətli Sərdar Cəlaloğlu Qurana 10 cildlik izah yazır və Quranı təfsir etmək üçün fəlsəfəni, fizikanı, kimyanı və astronomiyanı bilməsini kafi sayır!

Mən demirəm ki, ilahiyyat sahəsində mükəmməl təhsili olmayanlar din barədə öz subyektiv baxışlarını söyləyə bilməzlər.

Çünki belə desəm, özüm ən böyük yanlışlıqda olaram. Sadəcə sözüm budur ki, dində nəyin vacib və nəyin haram olması, din baxımından müxtəlif mövzular barədə fikir yürütmək yalnız bu sahənin peşəkarları tərəfindən həyata keçməlidir. Belə bir ixtisasa malik olmayanlar isə din barədə öz şəxsi baxışlarını söyləyərkən daha çox ehtiyatlı davranmalı və inanclı insanların inancı və heysiyyatına toxunmamalıdırlar.

Hər zaman söylədiyim kimi bu ölkədə və ümumiyyətlə dünyada hər kəs öz ixtisası və öz peşəsi sahəsində çalışsa hər şey öz yoluna düşər və bir çox acınacaqlı halların şahidi olmarıq.

Yeri gəlmişkən bu qəbil fikirlər qarşısında ədəb və etika çərçivəsindən çıxıb qarşı tərəfi həqarət edənləri də zatən ədəbsiz və tərbiyəsiz sayıram. Çünki əxlaq və etika üzərində qurulmuş İslam dinində fərqli fikir və yanlış mövqe qarşısında dini müdafiə etmək adı altında tərbiyəsizlik etməyə icazə verilmir.

 
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi