İlin əvvəli ilə müqayisədə noyabr ayının 1-nə bank müştərilərinin sayının 582452 nəfər artmasına baxmayaraq, bu ilin ikinci yarısında bank sektorunda min nəfərə yaxın işçi ixtisara düşüb.
Modern.az saytı xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu bildirib.
Onun sözlərinə görə, hazırda banklarda çalışanların ümumi sayı 21500 nəfərdir: “Gələn ildən işçilərin sayının daha üstün templə azalacağı gözlənilir.
Bunu şərtləndirən başlıca amillərdən biri bankların kredit qoyuluşlarının azalmasının ənənəyə çevrilməsidir. Bu isə yalnız iqtisadiyyatda işgüzar fəallığın azalması ilə deyil, həmçinin kredit faizlərinin hələ də yüksək olması ilə əlaqədardır”.
Ekspert qeyd edib ki, bütün bu proseslərin nəticəsində bankların maliyyə nəticələri pisləşməkdə davam edir:
“Həm zərərlə işləyən bankların, həm də zərərin məbləği artmaqdadır. Bu proses növbəti ildə bank sektorunda böhrana gətirib çıxara və iş yerlərinin daha çox ixtisarını şərtləndirə bilər.
Odur ki, Mərkəzi Bank növbəti ilin pul-kredit siyasətinin əsas istiqamətlərində bankların sağlamlaşdırılması və onların kapitalının təmərküzləşdirilməsi siyasətini davam etdirməlidir”.
Gülşən RAUFQIZI