Modern.az

“Araz Əlizadə avantüristdür, azərbaycançılıqla əlaqəsi yoxdur”

“Araz Əlizadə avantüristdür, azərbaycançılıqla əlaqəsi yoxdur”

Təhsil

18 Dekabr 2015, 11:35

Hafiz Hacıyev: “Ayıbdır, adam türk millətinə bu qədər qara yaxmaz”

Türkiyənin Suriya ilə sərhəddə Rusiyaya məxsus Su-24 təyyarəsini vurması Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsinə səbəb olub. İki dövlət arasında vəziyyətin gərginləşməsindən istifadə edən bəzi Rusiyapərəstlər isə açıq şəkildə Türkiyənin bu addımını tənqid etməyə başlayıb.

Bunlardan biri də Milli Məclisə deputat seçilən, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadədir. O, Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətinin olduğunu unudaraq Rusiyanı müdafiə edir.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Modern.az saytına ASDP sədri Araz Əlizadənin Rusiyapərəst mövqeyi ilə bağlı münasibətini bildirib.

“Araz Əlizadə kimiləri Milli Məclisdə yalnızca Rusiyanı müdafiə etmək üçündürlər. Araz Əlizadə avantürist, azərbaycançılıqla əlaqəsi olmayan biridir. Türk olmayan biri türkün qədrini necə bilsin? Biz bir millət, iki dövlətik. Hər zaman da bunu nümayişkaranə şəkildə göstərmişik. Avantürist, vaxtilə Ayaz Mütəllibovu satan birindən bundan başqa nə gözləmək olar? Araz Əlizadə keçmişi ləkəli biridir. Bir insanı ki, qardaşı danışdırmaya, ondan nə gözləyəsən.

Türkün tək düşməni var, o da haylardır. Onlar da özlərini haqlı çıxartmaq üçün müxtəlif yollara əl atırlar. Günah Araz Əlizadəyə Milli Məclisdə mandat verib, Rusiyapərəst mövqe nümayiş etdirməsini istəyəndədir. Tapşırıq verilir, o da yerinə yetirir. Düşünürəm ki, millətimizin səbri tükənmək üzrədir. Nə vaxta qədər qeyri-millətlərdən, müəyyən kabinetlərdən tapşırıq alan insanların türk dünyasını təhqir etməsinə göz yummalıyıq. Rusiyapərəst insanlara Milli Məclisdə mandat verən insanlara səslənirəm: “Mandat verib, söz haqqı qazandırmısınız, onların ipini yığın!”.

Hafiz Hacıyev türk millətini təhqir edib onlara qara yaxanları müdafiə etməyin yanlış addım olduğu fikrindədir: “Araz Əlizadə kimilərə demək istəyirəm ki, ayıbdır, abır-ismətləri olsun. Adam türk millətinə bu qədər qara yaxmaz. Ruslar Azərbaycanda 20 yanvar və Xocalı soyqırımını törətdi, eyni zamanda, Dağlıq Qarabağımızı alıb düşmənlərə verdilər. Bundan artıq bizə nə edəcəklər? 4 milyon yarım azərbaycanlımızı dədə-baba torpağı olan İrəvanımızdan qovub çıxarıblar. Araz Əlizadə anlamalıdır ki, bu qədər müsibəti bizim başımıza gətirən elə ruslardır. Həyat bununla bitmir, insan öz millətini, xalqını təhqir edənə bu qədər haqq qazandırmaz. Putin də təhqir edir, siz də.

Araz Əlizadə və onun kimilər bilməlidir ki, Dağlıq Qarabağın işğal altında olmasına səbəb, Xocalı və 20 yanvar faciəsini törədənlər məhz elə ruslar olub. Türk xalqına bu qədər həqarət etməklə heç nə dəyişmir, hər kəs gözəl bilir, kim kimdir. Araz Əlizadə kimilər kiçik insanlardır, onlar təkbaşına heç nə edə bilməzlər, əsas səbəbkarlar onlara istiqamət verib, yol göstərənlərdir. Hər halda, cənab prezident hər şeyi görür, ona görə də türklər arasında narazılıq yaratmağa çalışmasınlar.

Bir mandat veriblər, getsinlər başlarını saxlasınlar, aranı qarışdırmaq lazım deyil. Hayların fikirləri ilə türkləri təhqir etmək doğru deyil. Tənzilə Rüstəmxanlının gözəl bir sözü var: “Bu haylar bizdən nə istəyir axı?”.

Hesab edirəm ki, Araz Əlizadə öz səhvinin gec, ya tez qurbanı olacaq. Biz bir millət, iki dövlətik. Ulu öndər Heydər Əliyev bizə belə öyrədib, biz də həmin yolla gedirik. Bizi onun yolundan döndərmək istəyənlər buna nail ola bilməyəcəklər. Bu gün cənab prezidentin fikirlərinə tam şərikik və Türkiyənin də yanındayıq. Türklərin əleyhinə gedənlərin fikirləri ilə isə barışmırıq”.  

Vüsalə QƏZƏNFƏRQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi