Modern.az

Akademiyanın direktorsuz institutları - SİYAHI

Akademiyanın direktorsuz institutları - SİYAHI

18 Dekabr 2015, 12:58


Bir neçə gün bundan öncə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutuna professor Möhsün Nağısoylunun direktor təyin edilməsi ilə boş qalan kürsülərdən biri azaldı. Qeyd edək ki, mərhum akademik Tofiq Hacıyevin faciəli ölümündən sonra institutda direktorun olmaması bir çox neqativ hallara yol açmışdı.

Dilçilik İnstitutuna direktor təyin olunması təqdirəlayiq hal olsa da, AMEA-nın başqa beş institutunun isə birinci şəxsləri hələ ki yoxdur. Onları, sadəcə olaraq müavinləri arasında əvəz edənlər var. AMEA-nın rəsmi saytında da bu, belə göstərilir.

Modern.az AMEA-nın direktorsuz qalan institutlarını təqdim edir:

Radiasiya Problemləri İnstitutunun direktoru akademik Adil Qəribov “Milli Nüvə Tədqiqatları Mərkəzi “ Qapalı Səhmdar Cəmiyyətinə sədr gedəndən sonra bir müddət burada əvvəlki vəzifəsində qaldı. Qeyri- rəsmi mənbələrin məlumatına görə, ikinci vəzifəyə gedəndən sonra akademiklə AMEA prezidenti arasında müəyyən fikir ayrılığı yaşanıb. Nəticədə Adil Qəribov institutun direktoru vəzifəsindən istefa verib. Hazırda institutun birinci şəxsi postuna kimsə təyin edilməyib. Direktor vəzifəsini isə professor Oqtay Səmədov icra edir.

Şamaxı Astrofizika Rəsədxanasının da direktoru hələ bəlli deyil. Yay aylarında professor Əyyub Quliyevin qəfil işdən çıxarılması elmi ictimaiyyətdə təəccüblə qarşılandı. O zaman AMEA-dan Modern.az-a verilən məlumatda professorun öz ərizəsi ilə işdən çıxması bildirilirdi. Amma sonradan başqa mətbuat orqanlarında bunun bir neçə müxtəlif səbəblə əlaqədar olduğu yazıldı. Deyilənlərə görə, rəsədxanada maliyyə yoxlanışları da aparılıb. Hazırda AMEA-nın əsas təşkilatlarından olan rəsədxana direktorsuzdu. Əyyub Quliyevi Namiq Cəlilov əvəz edir.

Torpaqşünaslıq və Aqrokimya İnstitutu da direktorsuzdur. AMEA-nın rəsmi saytı da bunu təsdiq edir. Direktoru aqrar elmlər doktoru Əlövsət Quliyev əvəz edir.

Aqrar elmlər bölməsinə aid olan bir başqa institut Eroziya və Suvarma İnstitutunun da direktoru yoxdur. Burada o biri direktorsuz institutlardan fərli olaraq heç direktoru əvəz edən şəxs də yoxdur. Qurumun direktor müavini Zakir Əliyev, elmi katibi Elman Qənbərovdur. 

Hər iki institutun daxil olduğu aqrar elmlər bölməsinin akademik-katibi sabiq komitə sədri Qərib Məmmədovdur.

Qafqazşünaslıq İnstitutunun direktoru olmaması məsələsi isə bir o qədər də təəccüblü deyil. Çünki institut yeni təsis edilib. Nəinki direktoru, heç strukturu və ştat vahidi də dəqiqləşməyib. Lakin yeni yaradılan başqa 3 institutun direktorları artıq məlumdur.

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi