Modern.az

Akademiyanın QALMAQALLI institutları

Akademiyanın QALMAQALLI institutları

18 Dekabr 2015, 15:31

2015-ci il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tarixində bir çox maraqlı hadisələrlə yadda qalacaq. Bu il AMEA-nın 70 illik yubileyini keçirilib, bir sıra struktur dəyişikliyi edilərək yeni mərkəzlər və institutlar yaradılıb. Lakin ötən illərdə olduğu kimi, bu il akademiyanın bir sıra institutlarında problemlər yaşanıb.

Modern.az saytı bu il ərzində akademiyada ən çox söz-söhbətə səbəb olan institutlardan söz açacaq:

Təbii ki, ilin ən qalmaqallı olayı Nəsimi adına Dilçilik İnstitutu ilə bağlı olub. Yay aylarından başlayan qızğın mübahisələr bir müddət öncə səngiyib. Ötən ay faciəli şəkildə dünyasını dəyişən institutun direktoru  mərhum akademik Tofiq Hacıyev müəyyən səbəblərdən istefa ərizəsini yazmışdı.

Lakin AMEA-nın Rəyasət Heyəti akademik məzuniyyətdə olduğundan ərizəyə baxmadı. Bundan sonra müəyyən xoşagəlməz addımların atıldığını görən Tofiq Hacıyev məzuniyyətdən qayıdaraq istefa ərizəsini geri götürdü və direktor kimi öz işinə davam etdi. O, məzuniyyətdə olduğu müddətdə instituta direktor əvəzi kimi gətirilən professor Möhsün Nağısoylu isə yenidən Əlyazmalar İnstitutundakı şöbə müdiri postuna qayıtdı. Lakin bundan sonra da nə mətbuatda, nə də AMEA daxilində bu söz-söhbət səngimədi. Yalnız noyabrın 9-da AMEA-nın 70 illik yubileyindən sonra Tofiq Hacıyevin institutun direktoru kimi qalacağı təsdiqləndi. Təəssüf ki, akademik noyabrın 27-də dəm qazından boğularaq dünyasını dəyişdi.  

Radiasiya Problemləri İnstitutunun sabiq direktoru akademik Adil Qəribov  “Milli Nüvə Tədqiqatları Mərkəzi “ Qapalı Səhmdar Cəmiyyətinə sədr gedəndən sonra bir müddət burada əvvəlki vəzifəsində qaldı. Qeyri-rəsmi mənbələrin məlumatın a görə, ikinci vəzifəyə gedəndən sonra akademiklə AMEA prezidenti arasında müəyyən fikir ayrılığı yaşanıb. Bəzi saytlardakı məlumatlara görə, AMEA rəhbərliyinin özü Adil Qəribovdan istefa ərizəsinin yazılmasını tələb edib. Lakin o, müəyyən müddət buna əməl etməyib. Rəhbərlik başqa bir qurumun sədri olmasını əsas gətirərək onu istefaya göndərib.

Fakt isə fakt kimi qalır. Akademik Adil Qəribov nüvə sənayesi sahəsində bir çox tədqiqatların müəllifidir və institutun da irəli getməsində onun böyük rolu olub. Sonda Adil Qəribov institutun direktoru vəzifəsindən istefa verib. Hazırda institutun birinci şəxsi postuna kimsə təyin edilməyib. Direktor vəzifəsini isə professor Oqtay Səmədov icra edir. Media bir müddət bu məsələyə diqqətdə saxladı. Nəticədə Radiasiya Problemləri İnstitutu da AMEA-nın qalmaqallarda fərqlənən qurumlarından oldu.

Yayda Şamaxı Astrofizika Rəsədxanasında professor Əyyub Quliyevin qəfil direktor postundan getməsi elmi ictimaiyyətdə və mətbuatda təəccüblə qarşılandı. O zaman AMEA-dan Modern.az-a verilən məlumatda professorun öz ərizəsi ilə işdən çıxması bildirildi. Amma sonradan başqa mətbuat orqanlarında bu faktı bir neçə müxtəlif səbəblə əlaqədar olduğu yazıldı. Deyilənlərə görə, rəsədxanada maliyyə yoxlanışları da aparıldı. 

Qeyri-rəsmi mənbələrin iddiasına görə, rəsədxana rəhbərliyindən AMEA-nın Rəyasət Heyətinə şikayət məktubları da göndərilirdi. Sonradan məsələlər qaydasına qoyuldu. Şamaxı Astrofizika Rəsədxanasının faydalı iş əmsalını qənaətbəxş hesab etmək olar. Bir elmi mərkəz kimi öz işini düzgün görməyə çalışsa da,  ora hələ də direktor təyin edilməyib.

Milli Məclisə yeni seçkilər ərəfəsində 16 saylı Yasamal 3-cü seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən iki şəxs arasındakı qalmaqal AMEA-nın İnsan Hüquqları İnstitutunu da gündəmə gətirdi.

Namizədlərdən birinin iddiasına görə, institutun direktoru olan Aytən Mustafayeva oranın rəsmi saytından öz şəxsi biznes marağına görə istifadə edir. Məsələ sonradan böyük müzakirələrə səbəb oldu. Nəticədə  həmin dairədən deputat seçilən direktor Aytən Mustafayevə bu iddianı qaldıran jurnalist namizədi məhkəməyə verdi.  

Elmin NURİ

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi