Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasın (CHP) İzmir millət vəkili Atila Sertel, Milli Mübarizənin 100-cü ildönümündə CHP iqtidarının qurulacağını söyləyib.
Modern.az xəbər verir ki, Qazi Mustafa Kamal Atatürkün 1919-cu ildə Samsuna gələrək milli mübarizəni başlatdığını xatırladan Atila Sertel, “1919-cu ildən 2019-cu ilə qədər, milli mübarizənin 100-cü ildönümündə partiyamızın iqtidarı mütləq qurulacaq. Qazi Mustafa Kamal Atatürkün düşüncələri, Respublikanın bütün dəyərləri yenidən bərpa olunacaq” deyib.CHP-nin İzmir Rayon Konqresindən öncə birlik, bərabərlik və qardaşlıq mesajı verən Sertel, “nəticə nə olur olsun qazanan CHP olacaq” deyib. Eyni zamanda, o bildirib ki, respublika artıq yoxdur:
“Qazi Mustafa Kamal Atatürk ölkənin gerilədiyini görərək 19 may 1919-cu ildə Samsuna çıxdı və milli mübarizəni başlatdı. Silah yoldaşlarıyla birlikdə daxildən və xaricdən edilən hücumlara qarşı qoyaraq sonunda bizlərə ən böyük irsini, respublikanı hədiyyə etdi.
Bu gün gəldiyimiz bu vəziyyətdə ölkənin bütün dəyərləri AKP iqtidarı tərəfindən etibarsızlaşdırıldı və hətta demək olar ki, yox edildi. 2019-cu il Mustafa Kamal Atatürkün düşüncələri, respublikanın bütün dəyərlərinin yenidən qurulması üçün olduqca önəmli ildir. Bu fürsətdən layiqincə istifadə edə biləcək partiya CHP-dir”.
Millət vəkili CHP-nin 2019-cu ildə iqtidarı mütləq quracağını deyib:
“Bunun üçün indidən çox çalışmalıyıq. Mustafa Kamal Atatürk və silah yoldaşları ilə Anadolunu qarış-qarış gəzərək, mübarizə apararaq CHP-ni iqtidar edəcəyik. Milli mübarizənin 100-cü ildönümündə Türkiyədə insan hüquqları, hüquq, ədalət, hər kəs üçün eyni olacaq. Türk vətəndaşı olmanın qürurunu hər kəs yaşayacaq”.
Vüsalə Qəzənfərqızı