Modern.az

Məhbus qadınlara atılan daşlar...

 Məhbus qadınlara atılan daşlar...

Təhsil

20 Dekabr 2015, 00:02

İnsanlıq heç zaman ölməyib. Hər bir ağır dönəmdə belə insanlara yaşam üçün ümid verənlər olub. Tanınmış alim Altay Göyüşov bu gün öz feysbuk səhifəsində belə ibratamiz xatirələrdən biri ilə bağlı məlumat paylaşıb.

Modern.az saytı Gertruda Plataysın xatirələrindən olan həmin hissəni oxuculara təqdim edir: 1990-cı ildə Akmolinsk düşərgəsinin keçmiş məhbuslarından olan, "vətən xaininin" arvadı Gertruda Platays Qazaxıstana səfər edir. O, yerli muzeylərdən birinin əməkdaşlarına düşərgədə məhbəs illəri zamanı ilk dəfə qazaxlarla necə rastlaşmasından və onların həbsdəki qadınlara münasibətindən bir epizod danışır.

Gertruda xatırlayır ki, soyuq və tufanlı günlərdə məhbus qadınları konvoyların nəzarəti altında Jalanaş gölü ətrafında qamış yığmağa aparırdılar. Bir gün səhər işin qızğın çağında, bir az aralıda qamışların arasında bir dəstə uşaq və yaşlı insan görsənir. Bunlar qonşu qazax kəndinin sakinləri imişlər. Birdən bu uşaqlar böyüklərinin əmri ilə onsuz da kəsici soyuqdan və gündəlik 17-20 saat ağır işdən əldən düşmüş məhbus qadınları daşlamağa başlayırlar. Silahlı mühafizəçilər isə daşlayanlara mane olmaq əvəzinə, əksinə bu mənzərəyə məzəli şou kimi tamaşa edib bərkdən gülüşürdülər.

Biz siyasi məhbus idik, onsuz da dövlət bizi ərlərimizin törətmədiyi cinayətlərə görə "xalq düşməninin qohumu" ittihamı ilə repressiyaya məruz qoyub, bu it zülmünü çəkdiridi. İndi də yerli camaatın bu şüursuz hərəkəti bizi həm də mənəvi cəhətdən təsəvvürəgəlməz şəkildə sarsıdırdı.

Ertəsi gün işə gələndə yenə də eyni situasiya ilə qarşılamışdıq. Stalin propaqandasının təsiri altına düşmüş bu qazax kəndlilərinin özünü belə aparması doğrudan dözülməz idi. Axı niyə, axı biz də insanıq... İnanın ki, xalqın bu münasibəti bizi konvoyların və ümumən dövlətin münasibətindən daha çox ağrıdır və incidirdi. Bu sarsıdıcı vəziyyət daha bir neçə gün, yəni o hər şeyi dəyişdirəcək hadisə baş verənə kimi davam edir...

Bir gün Gertruda bir qazax uşağın atdığı daşdan yayınmaq istəyərkən ayağı ilişir və üzü üstə yerə yıxılır. Qalxmaq istəyərkən burnunun yanındakı daşdan kəskin qoxu gəldiyini hiss edir. Pendir iyi verən bu daş onun diqqətini cəlb edir. Ağzına qoyur və çeynəyib udur. Ac və taqətsiz adama sanki dünyanı bağışlamışdılar. Sonra digər atılmış "daşların" da indi yediyinə oxşar olduğunu görür. Xəlvəti şəkildə bunlardan yeyir və axşam qayıdarkən yığıb baraka da aparır. Barakda olan yerli məhbus qazax qadınlardan biri isə bunun qazaxların milli yeməklərindən olan qurut olduğunu deyir.

Yalnız bundan sonra məlum olur ki, yerli yaşlı qazaxlar əziyyət çəkən bu qadınlara yemək ötürməyin başqa yolu olmadığından belə bir üsul fikirləşiblərmiş ki, uşaqların atdığı daşlara konvoylar fikir verməyib, cocuq şuluqluğu hesab edəcəklər.

Gertruda deyir ki, yeməkdən daha çox həmin qazax kəndliləri bizim insanlığa olan inamımızı qaytarmışdılar.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi