Modern.az

Partiyalardan devalvasiyaya REAKSİYA: “Əhalinin vəziyyəti daha da ağırlaşacaq”

Partiyalardan devalvasiyaya REAKSİYA: “Əhalinin vəziyyəti daha da ağırlaşacaq”

Təhsil

21 Dekabr 2015, 15:08

Azərbaycanda manatın növbəti devalvasiyası baş verdi. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən, bu gün dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə təxminən 50 faiz bahalaşaraq 1,55 manat olub. Ölkədə dolların bahalaşması və manatın məzənnəsinin aşağı düşməsi ilə iqtisadiyyatda çox ciddi problemlər yarana bilər.

Modern.az saytı manatın növbəti devalvasiyasının Azərbaycan iqtisadiyyatına necə təsir edəcəyi ilə bağlı müxalif partiyaların münasibətini öyrənməyə çalışıb.

Müsavat Partiyası başqanının müavini Elman Fəttah neftin qiymətinin sürətlə aşağı düşməsinin iqtisadiyyatın çökməsinə və qarşısı alınmaz böhrana gətirib çıxarmasına işarə olduğu fikrindədir:
“Uzun illərdir hökumət iqtisadiyyatı tamamilə neftin üzərində qurub və neftə əsaslanan iqtisadi idarəetmə tətbiq edib. İndi neftin qiyməti sürətlə ucuzlaşır və bu zaman ölkəyə daxil olan valyuta həcminin aşağı düşməsi manatın məzənnəsinin ciddi devalvasiyası ilə nəticələndi. Hökumət dövlətin valyuta ehtiyatlarını sərf edərək manatın devalvasiyasının qarşısını süni almağa çalışsa da, bunu uzun müddət saxlamaq mümkün deyil. Aydındır məsələdir ki, neftin qiymətinin daha da ucuzlaşması ikinci və daha kəskin devalvasiyanı qaçılmaz edəcək. Bazar iqtisadiyyatında qiymətlərin sabit qalması mümkün deyil, ona görə ki, ölkədə alğı-satqı bazarı manatın üzərində köklənib. Manatın dəyərdən düşməsi istər ərzaq, istər alğı-satqı, istərsə də digər tələbat məhsullarının bahalaşması ilə nəticələnəcək. Bu da təbii ki, əhalinin sosial-iqtisadi vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaq”.

AMİP-in baş katibi Arzuxan Əlizadə manatın devalvasiyasının xırda və orta sahibkarlığa mənfi təsir edəcəyini deyib: “Bu ilin fevral ayındakı devalvasiya prosesinin nəticəsi necə oldusa, indiki vəziyyətdə də eyni nəticə olacaq. Fevral ayındakı devalvasiya Azərbaycan iqtisadiyyatına çox ciddi təsir göstərdi. Xüsusilə də neftin qiymətinin aşağı düşməsi, manatın məzənnəsinin 50 faiz ucuzlaşması ölkədə orta sahibkarların, xüsusilə də xırda bizneslə məşğul olan insanların gündəlik biznesinə, iqtisadi inkişafına mənfi təsir göstərəcək ”.

Ümid Partiyasının sədri İqbal Ağazadənin fikrincə, Azərbaycan iqtisadiyyatının tək sektorlu olması belə vəziyyətlərdə daha artıq problemlərin yaranmasına gətirib çıxarır: “Tək sektorlu sahədə ancaq neft sahəsi üzrə daxil olan gəlirlər Azərbaycana neftdən asılı ölkə imici qazandırıb. İndi neftin qiyməti düşüb, büdcə ona uyğun müəyyənləşdirilib. Bunun yerini doldurmaq üçün daxildə istifadə olunan yeganə valyuta manat olduğuna görə onu öldürürlər ki, büdcə kəsrləri dolsun, maaşlar verilsin və s. Çünki ölkədə hər şey manatladır”.

ADP sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, ölkədə çox ciddi iqtisadi böhran vəziyyəti yaranıb, dövlət defolt səviyyəsindədir: “Demək olar ki, Mərkəzi Bankda maliyyə ehtiyatları dövlət büdcəsinin üçdə birindən daha azdır. Belə vəziyyətdə böhranı aradan qaldırmaq üçün hökumət ciddi iqtisadi-siyasi islahatlar aparmaq əvəzinə, böhranın bütün ağırlığını əhalinin üzərinə atır. Manatın dəyərdən düşməsi və qiymətlərin qalxması əhalinin həyat səviyyəsinin aşağı düşməsinə gətirib çıxaracaq. Keçən dəfəki devalvasiya zamanı qabaqcadan bu haqda məlumat verilmişdi, o zaman istər iş adamları, istərsə də hökumətə yaxın adamlar öz pullarını dollara dəyişmişdilər. Bu dəfə də elə oldu. Mərkəzi Bank yarım milyarda yaxın dollar buraxdı, eyni zamanda, puldəyişmə məntəqələrində dolların satışı qadağan edildi. Həmin yarım milyard yoxdur. Yaxşı, həmin yarım milyard buraxılmışdısa, niyə satış yox idi? Deməli, formal olaraq satışa buraxılma adı altında özlərinin manatlarını dollara çevirdilər. Dolların bahalaşması ola bilər ki, müəyyən mənada dövlətə xeyir versin, amma yenə də həmin xeyrin qarşısını aldılar. Yəni faktiki olaraq iqtidardakılar bir tərəfdən dövləti defolt vəziyyətə gətiriblər, digər tərəfdən də hər fürsətdən istifadə edərək oğurluqlarını davam etdirirlər. Azərbaycanın bu vəziyyətdən çıxmaq şansı yoxdur. Gələn ay çox güman ki, dolların qiyməti daha da qalxacaq. Çünki Azərbaycan manatının arxasında heç bir milli məhsul yoxdur, pulun dəyəri onun arxasında duran maddi məhsulla ölçülür. Azərbaycanda pulun arxasında heç bir istehsal məhsulu olmadığına görə manatın qiyməti ucuzlaşır. Əvvəl hökumət neftdən gələn gəlirlə manatın məzənnəsini süni şəkildə saxlayırdı, indi isə neftin qiyməti düşüb, manatın məzənnəsini saxlamaq olmur.
Düşünürəm ki, Azərbaycan manatı 90-cı illərdə olduğu vəziyyətə düşəcək, ölkədəki vəziyyət də ona bənzər olacaq. Çünki vəziyyət olduqca ağırdır, əhalinin 60-70 faizində işsizlik problemi davam edir, manatın öldürülməsi ilə guya iqtisadi böhranın qarşısı alınacaq, yoxsulluğun qarşısı alınacaq. Əhalidə böyük bir narazılıq var, bunun qarşısı necə alınacaq? Belə bir vəziyyətdə Azərbaycan uçuruma doğru böyük sürətlə hərəkət edir ”.

AXCP-nin sədr müavini Nurəddin Məmmədli bu vəziyyətin sosial-iqtisadi fəlakətin göstəricisi olduğunu düşünür: “Bundan əvvəlki devalvasiya zamanı da manat 30-35 faiz ucuzlaşmışdı. Faktiki olaraq Azərbaycan manatı hazırda öz dəyərini ötən dəfəki ilə müqayisədə iki dəfə itirib. İqtisadi fəlakətin dərinləşməsi Azərbaycanda iqtisadiyyatın yalnız neft üzərində qurulması ilə əlaqəlidir. Bütün istifadə etdiyimiz ərzaq və sənaye mallarının xaricdən gəlməsi bazarda məhsulların iki dəfəyə qədər bahalaşmasına gətirib çıxaracaq. Eyni zamanda, son günlər neftin qiymətinin sürətlə ucuzlaşması Azərbaycanda maaş və pensiyaların ödənilməsi ilə də bağlı ciddi problemlərin olacağına işarədir. Yəni ölkədə bu gün faktiki olaraq sosial vəziyyətin fəlakətli bir səviyyəyə çatmasına şübhə ilə yanaşmaq olmaz. Ən pisi isə odur ki, Azərbaycan hakimiyyəti bu vəziyyətdən çıxış üçün hazır deyil. Ölkənin nə islahat proqramı var, nə də proqramı reallaşdıracaq imkana və potensiala sahib peşəkar komanda. Bu səbəbdən də Azərbaycanı qarşıda böyük çətinliklər gözləyir, gələn il vəziyyətin daha pis olacağına şübhə yoxdur.  Ona görə də ölkədə çox ciddi təlatümlərin yaşanacağı da istisna olunmur ”.

Vüsalə QƏZƏNFƏRQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi