Modern.az

“Məmurların kabinetləri təmtərağı ilə yox, sadəliyi ilə seçilməlidir”

“Məmurların kabinetləri təmtərağı ilə yox, sadəliyi ilə seçilməlidir”

Təhsil

21 Dekabr 2015, 16:14


Azərbaycanda rast gəlinən mənzərələrdən biri də vəzifəli şəxslərin kabinetlərinin xüsusi dəbdə olmasıdır. Yüksək vəzifəlilərin kabinetlərindəki bu mənzərəni nisbətən adi qarşılamaq olar. Amma aşağı vəzifəlilər də dəbdəbəli kabinetləri ilə geri qalmırlar. Məsələn, hər hansı bir rayonun icra başçısından tutmuş Təhsil şöbəsinin rəhbərinədək hamısının kabineti də kifayət qədər dəbdəbəlidir.

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa Modern.az saytına açıqlamasında bu müşahidəmizi doğru saysa da, vəziyyətdən çıxış yolunu görmür. Onun fikrincə, məmurların xidməti iş otaqları sadəliyi ilə fərqlənməlidir:

“Şadlıq evlərində, villalarda da eyni vəziyyətdir. İnsanlar özlərinin rahatlıqları barəsində düşünmürlər. Saraya bağlılıq insanın beynini qarışdırır. Sadəliyə meyl çox azdır. Vəzifəli şəxslərin kabinetlərinə diqqət etsək görərik ki, hamısı eyni təmtəraqla bəzənib. Hətta bilir ki, orada bəlkə də heç 6 ay oturmayacaq, amma yenə də xüsusi qaydada hazırlatdırır. Amma bu kabinetlərin daha sadə olması vacibdir. İnsanlara vəsaitin bu cür işlərə, kabinetin təmirinə xərclənməsini göstərmək lazım deyil. Ancaq nə edək, bizdə vəziyyət belədir. Bu, əslində hər kəsin daxili aləmi ilə bağlı olan məsələdir. Müşahidə doğrudur, amma biz nə edə bilərik?!
İnsanları yenidən hər hansı şəkildə maarifləndirmək çox çətindir”.

Fazil Mustafa dövlət qurumlarındakı bahalı xidməti maşınların da çoxluğundan və onların geri alınmasının vacibliyindən də danışıb: “Ümumiyyətlə, bahalı maşınların dövlət qurumlarında boş-boşuna qalmasının mənası yoxdur. Doğrudur, bəzi ölkələrdə yüksək vəzifəli adamlara dövlətin imicini göstərməkdən ötrü xüsusi maşınlar lazımdır. Amma bu daxili auditoriyamız üçün lazım deyil, biz bunu ölkə daxilində kimə göstəririk?”.


Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi