Dekabrın 21-də İranın paytaxtı Tehranda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Astara çayı üzərində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu körpüsü tikintisinin layihəsi üzrə Azərbaycan və İran dəmir yolları işçi qrupun iclası keçirilib.
Bu haqda Modern.az saytına “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib. Onun sözlərinə görə, iclasda iştirak edən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.İran Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayi çıxışında bu nəqliyyat dəhlizinin Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyini bildirib.
Sonra Astara çayı üzərində dəmir yolu körpüsü tikintisinin layihəsi müzakirə olunub.
İclasın sonunda müvafiq protokol imzalanıb.
Gülşən RAUFQIZI