Cəsarət VALEHOV
Bu gün Azərbaycan təhsil-elm tarixində tarixi hadisə baş verib. Dünyanın nüfuzlu “Thomson Reuters” agentliyi ilə Təhsil Nazirliyi müqavilə imzaladı.Nəticədə Azərbaycanın 40 ali təhsil müəssisəsinin bu akademik mənbəyə çıxışı olacaq. Bəs nədir bu platforma? Dünyanın aparıcı veb əsaslı tədqiqat təhlil platforması "İnCites™ Essential Science Indicators℠" və elmi tədqiqatlar üçün ilk veb əsaslı platforma hesab olunan " Web of Science™" nəticəsində alimlərimiz ən yeni elmi nəticələri əldə edə, öz elmi işlərində yararlana və çap oluna bilərlər. Bu meydan indiki halda bizə daha çox lazımdır. Dünya elmində baş verən elmi yenilikləri bilmədən, duymadan gedəcəyimiz yer də bəlli olmur. Bu platform bizim elm-təhsil mühitimiz üçün yeni nəfəslik və əla çıxış imkanıdır. Başqa bir məsələ də ondan ibarətdir ki, uzun müddət Azərbaycan alimləri dünyanın aparıcı elmi nəşrlərində çap olunmaq, istinad olunan sitatların sayına görə qonşularımızdan əhəmiyyətli dərəcədə geridə qalıblar. Dünyada isə elmin səviyyə fərqini impakt faktorlu jurnallarda çap olunmaq əmsalı ilə ölçürlər. Əgər elmin varsa və dünyaya çıxmaq istəyirsənsə, buyur, çap olun, özü də bü cür mötəbər elmi nəşrlərdə.
Təhsil Nazirliyinin tədqiqatçılar üçün yaratdığı bu imkan indiki anlamda əvəzsizdir. İndiyə qədər haqqında danışdığımız dünya elminə inteqrasiya bu imkanla baş verəcək. Həm də bu bizə inkişafın elm yolunu göstərəcək, təbii ki, yararlana bilsək. Bu imkan ölkəmizə postneft dövrü üçün dünyanın hansı magistral üzərində inkişaf etdiyini göstərən müstəvidir. Dünyanın impakt jurnallarında çap olunmaq ölkə elminin reytinq göstəricisi hesab olunur. Bu jurnallarda nə qədər çap olunursan və ona nə qədər istinad edilirsə, dünya ölkələrinin elmi, innovasiya nüfuzu, inkişaf perimetri onunla ölçülür. Məsələn, İsrail alimləri bu gün dünyanın elm jurnallarında ən çox çap olunanlardandır.Heç bir təbii sərvəti olmayan bu ölkənin inkişafına diqqət yetirin. Dünyanın, eləcə də ölkəmizin yeni reallığı bizə təhsil və elm düsturuna yenidən baxmağa dəvət edir. Bunun üçün də ən yaxşı mənbələrdən biri, elmi istinad jurnalları və onlara olunan iqtibaslardır. Bu istinadlar inkişaf etmiş ölkələrin həm də milli sərvətidir. Tətbiq olunan yanaşma isə çox sadədir. Araşdırmanın qlobal xarakteri elmin qabaqcıl nailiyyətlərini tətbiq edən ölkələri, müəssisələri və tədqiqatçıları diqqətə çatdırır. Bu şəxslər innovasiyanı dünya miqyasında yaradırlar.
"Web of Science” platformasının ən başlıca üstünlüyü sırasına hər bir indeksləşdirilmiş məqaləni dəstəkləyən iqtibas haqqında ətraflı məlumatın təmin edilməsidir. İqtibaslar elmi işin birbaşa təzahürüdür ki, alimlər də öz növbəsində onları qiymətləndirir. Bu iqtibaslar arasındakı əlaqələri təhlil etməklə ən vacib nəşrləri, proqramları və s. müəyyən etmək mümkündür. Ən çox istinad olunan tədqiqatçıların siyahısı dünyanın ən nüfuzlu elmi tədqiqatçılarının məlumat bazasını təşkil edir.Beləliklə, elmin bügünki reallığı ondan ibarətdir ki, istinadın varmı? Bu həm də, Arximedin istinad nöqtəsini göstər, dünyanı dəyişim anlamına gəlir. İndiki halda isə dünyanı dəyişən mənbəə istinad jurnallarıdır.