Pakistan İslam Respublikasında diplomatik xidmətinin başa çatması ilə əlaqədar Daşqın Şikarov Pakistan İslam Respublikası Prezidenti Məmnun Hüseyn, Milli Assambleyanın Spikeri Ayaz Sadiq, Xarici İşlər Naziri Sərtac Əziz ilə vida görüşləri keçirib.
Bu barədəd Modern.az-a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.
Məmnun Hüseyn ilə keçirilən görüşdə D.Şikarov Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın dövlət başçısına səmimi və xoş arzularını yetirib. O ölkələrimiz arasında siyasi, diplomatik, ticari-iqtisadi, mədəni və digər sahələrdə münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, beynəlxalq təşkilatlarda hər iki ölkənin bir-birini dəstəklədiklərini qeyd edib. Prezident M.Hüseynin cari ilin 11-14 mart tarixlərində Azərbaycana rəsmi səfərini xatırlayaraq, Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla ölkəmizin rəsmi şəxsləri ilə keçirilən görüşlərin, imzalanan sənədlərin, keçirilən biznes forumun Azərbaycan-Pakistan münasibətlərində yeni səhifə açdığını bildiribr. İslamabad-Bakı birbaşa hava əlaqəsinin bu səfərin məntiqi nəticəsinin olduğu, bunun xalqlarımız arasında münasibətlər və iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb. D.Şikarov Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistanın Ermənistanı bir dövlət kimi tanımadığını, həmçinin, erməni hərbi birləşmələrinin Xocalıda törədilən soyqırımı ilə əlaqədar Pakistan Senatının qəbul etdiyi qətnamənin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
Pakistanda səfir kimi fəaliyyət göstərdiyi müddətdə bu ölkənin bütün bölgələrinə səfər etdiyini bildirən D.Şikarov, pakistanlıların Azərbaycan dövləti və xalqına qarşı xüsusi rəğbətinin şahidi olduğunu söyləyib.
Pakistan Prezidenti Məmnun Hüseyn xoş salamlarını və dərin ehtiramlarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yetirməsini xahiş edərək, iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə inkişaf etdiyini bildirib.
Pakistan Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Pakistana səfər üçün rəsmi dəvət məktublarının göndərildiyini vurğulayaraq, Pakistan dövləti və xalqının bu səfəri səbirsizliklə gözlədiyini söyləyib.
Pakistan Parlamentində keçirilmiş görüşdə Milli Assambleyanın sədri Ayaz Sadiq, iki ölkənin qanunverici orqanları arasında əlaqələrin uğurla inkişaf etdiyi deyib.
Modern.az