Milli valyutanın ikinci dəfə devalvasiyasından sonra dollara nisbətdə 50 faizə qədər dəyərsizləşməsi cəmiyyətdə böyük narahatlıq yaratmaqla bərabər, əhalinin sosial vəziyyətinin kəskin aşağı düşməsinə səbəb olub. İnsanlar mümkün qənaətlə əllərindəki vəsaiti qoruyub saxlamağa çalışır.
Modern.az saytının əməkdaşının Bakının bir çox yanacaqdoldurma məntəqələrində apardığı müşahidələri və orda çalışanlarla söhbətindən bəlli olub ki, dekabrın 21-dən sonra yanacaqdoldurmaq üçün müraciət edən sürücülərin sayında kəskin azalma var. Göründüyü kimi, böhran həm də insanların minik avtomobillərindən imtina etmələrinə gətirib çıxarıb.
Böyük əksəriyyət, dünya bazarlarında neftin qiymətinin 3 dəfə ucuzlaşmasına baxmayaraq, Azərbaycanda yanacağın qiymətinin dəyişməz qalmasından narazıdır.
İqtisadiyyat və Sənaye Nazirliyinin açıqlamalarına görə, ölkədə satılan yanacaq, qiyməti tənzimlənən məhsulların siyahısında olduğundan, dünya bazarlarında neftin qiymətinin az qala su qiymətinə satılmasına baxmayaraq dəyişmir.
Gülşən RAUFQIZI