“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Moskva (“Vnukovo” hava limanı), Dubay (“Əl-Məktum” hava limanı) İstanbul (“Sabiha Gökçən” hava limanı) və Antalyaya aşağı büdcəli reyslərə təyyarə biletlərinin qiymətini endirib.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2016-ci il yanvarın 5-dən etibarən adları çəkilən istiqamətlərə biletlərin qiyməti Bakıdan uçmaqla cəmi 89 avro təşkil edəcək.Bundan əlavə, yanvarın 5-dən bütün beynəlxalq istiqamətlər üzrə reyslər, o cümlədən, sözügedən aşağı büdcəli reyslər Heydər Əliyev Beynəlxalq Hava Limanının birinci terminalından yerinə yetiriləcək.
Aviaşirkət avroya nisbətdə milli valyutanın məzənnəsinin dəyişməsi ilə əlaqədar qiymətlərə yenidən baxılmasını davam etdirir. Bundan öncə şirkət Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıe Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və digər şəhərlərə bilet qiymətlərinə yenidən baxılacağını elan edib.
“Azərbaycan Hava Yolları” gələn il bir çox istiqamətlər üzrə aşağı büdcəli tariflərin siyahısını genişləndirməyi davam etdirəcək”, - AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev deyib.
Aytən ZƏHRA