Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65-70 km uzaqlıqda 2 kişi cəsədi aşkar edilmiş və Türkmənistana aid gəminin göyərtəsinə qaldırılaraq Kiyanlı dəniz limanına aparılmışdı.
Məlumat daxil olduqdan sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədlərin tanınması və respublikaya gətirilməsi üçün bu gün səhər Türkmənistana yola düşmüşdür. İstintaq qrupunun üzvləri və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri meyitlərə baxış keçirmiş və məlum olmuşdur ki, bunlar 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilər- Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğludur.
Modern.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, onların nəşləri yaxın vaxtda respublikaya gətiriləcək.
Modern.az