Modern.az

Azərbaycanın hansı diplomatik nümayəndəlikləri bağlanır? - SİYAHI

Azərbaycanın hansı diplomatik nümayəndəlikləri bağlanır? - SİYAHI

4 Yanvar 2016, 17:58


Bu günlərdə Xarici İşlər Nazirliyi xərclərə qənaət edilməsi üçün Azərbaycanın bəzi xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və ticarət ofislərinin bağlanacağını elan etmişdi.

Modern.az saytı xəbər verir ki, virtualaz.org hansı ölkələrdə diplomatik nümayəndəliklərin bağlanacağını dəqiqləşdirib. Məlum olub ki, XİN artıq müvafiq siyahı hazırlayıb və tezliklə bir neçə ölkədə konsulluqlar, ticarət nümayəndəlikləri bağlanacaq.

Bunların arasında Azərbaycanın Uruqvay, Kolumbiya və Kubadakı səfirlikləri, ticarət nümayəndəlikləri, Genuya, Livan, Bratislava, Xarkovdakı fəxri konsulluqlar, habelə Amerikanın Santa-Fe şəhərindəki fəxri konsulluq yer alacaq. Azərbaycan hökuməti hər il bu nümayəndəliklərin saxlanılmasına milyonlarla dollar xərcləyirdi.

Bundan əlavə məlum olub ki, Azərbaycanın Tailand, Oman, İraq və Əfqanıstandakı səfirliklərinin açılması “daha yaxşı zamanlara” təxirə salınıb. Azərbaycanın bu ölkələrə təyin olunmuş səfirləri var, ancaq onlar qonşu ölkələrdə mənzilləniblər.

Virtualaz.org saytına o da məlum olub ki, neftin Azərbaycanın 2016-cı il üçün büdcəsində nəzərdə tutulmuş 50 dollarlıq həddən xeyli ucuzlaşması büdcəyə yenidən baxılması zərurətini yaradıb. Prezident İlham Əliyevin tapşırığı əsasında hazırda hökumət bu məsələyə baxır və bəzi sahələrdə xərclərin ixtisarını nəzərdə tutur.

Xərclərin ixtisarı dövlət aparatının saxlanılması üçün büdcədə nəzərdə tutulan xərclərin azaldılmasını da əhatə edəcək. Bu çərçivədə hökumət artıq bir çox nazirliklərə, dövlət komitələrinə, büdcədən maliyyələşən digər təsisatlara xərclərin azaldılması üçün ştat vahidlərinin ixtisarını nəzərdən keçirmək barədə təlimat göndərib. Habelə büdcədən maliyyələşən təşkilatlara xidməti avtomobillərin sayının azaldılması, ezamiyyət xərclərinin məhdudlaşdırılması istiqamətində də işlər başlayır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu kimi xəbərlər yersiz və əsassızdır:

“Bəzi internet mediada və bloqlarda guya bağlanacaq diplomatik nümayəndəliklərin təqdim olunan siyahısı obyektivlikdən kənardır və qeyri - ciddidir. Bu kimi yoxlanılmamış xəbərlərin yayılması Azərbaycanın uzun müddət ərzində digər dövlətlərlə qurduğu diplomatik əlaqələrinə xələl gətirə bilər.

İlk növbədə onu qeyd etmək istərdim ki, bu məsələdə yekun qərar qəbul edilməyib. Bu barədə qərarların qəbul edilməsi diplomatik münasibətlərdə qarşılıqlılıq və siyasi yanaşmalar da daxil olmaqla, ciddi və dəqiq şəkildə nəzərdən keçirmə tələb edir. Hal- hazırda bu məsələ hökumət tərəfindən ciddi şəkildə baxılır.

İkincisi, burada bilavasitə səfirliklərin bağlanması müzakirə mövzusu deyil. Xərclərə qənaət və işin rasionallaşdırılması məqsədilə diplomatik nümayəndəliklərin fəaliyyətinin mövcud reallığa uyğunlaşdırılması və ya ştat vahidlərinin azaldılması kimi məsələlər nəzərdən keçirilir. O ki qaldı fəxri konsulluqlara, bu gülüncdür. Xarici siyasət və diplomatiyadan xəbəri olan hər kəs bilir ki, fəxri konsullar özləri öz xərclərini ödəyir və dövlət büdcəsindən onların saxlanması üçün heç bir vəsait ayrılmır”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?