Modern.az

Balakəndə baş verən partlayışla bağlı cinayət işi başlanılıb

 Balakəndə baş verən partlayışla bağlı cinayət işi başlanılıb

4 Yanvar 2016, 20:02

 

Balakəndə zavodda baş verən partlayışla bağlı cinayət işi başlanılıb. Bu barədə Modern.az saytına Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Məlumata görə, Balakən rayonunda “Azəryem Sənaye” MMC-yə məxsus zavodun ərazisində bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən hadisə ilə əlaqədar Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.  

Prokurorluq, Fövqəladə Hallar Nazirliyi, “Azəriqaz”QSC, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mütəxəssislərinin və Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertinin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertizalar təyin edilib.

Qeyd edək ki, bu gün 10:30-da “Azəryem Sənaye” MMC-yə məxsus zavodun ərazisindəki qazanxanada partlayış baş verib. Nəticədə zavodda işləyən Qullar kənd sakini, 26 yaşlı Elçin Əliyev hadisə yerində keçinib, digər işçilər - Qullar kənd sakini, 26 yaşlı Novruz Nastakalov və Qazma kənd sakini, 34 yaşlı Anar Bozurov isə xəsarət alıblar. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?