Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan növbəti dəfə Belarusun paytaxtı Minsk şəhərində görüşə bilərlər. Modern.az saytı xəbər verir ki, bu barədə məlumatı "Report" "News.am" erməni saytına istinadən yayıb. Həmin sayta açıqlama verən Belarusun Ermənistandakı səfiri İqor Nazaruk bildirib ki, Qarabağ kimi "qaynar" yox "soyuq" rejimdə olan münaqişələrin həlli üçün danışıqları davam etdirmək lazımdır: "Əslində, ATƏT-in Minsk qrupu da buna istiqamətlənib. Əminəm ki, əlaqələr qurulmağa başlayanda, bir-birini böyük anlamda başa düşmə vəziyyəti yaranır, biz bir-birimizi başa düşdükdə isə, deməli, əlavə etimad elementləri ortaya çıxır. Mən əminəm ki, bu, yeganə düzgün yoldur. Yəni heç bir "qaynar faza"ya keçid olmadan, danışıqlar aparmaq və sakit ünsiyyət".
Azərbaycan və Ermənistan prezidentləri sonuncu dəfə ötən ilin 19 dekabr tarixində İsveçrənin paytaxtı Bern şəhərində görüşüblər və 2016-cı ildə Dağlıq Qarabağ üzrə danışıqları davam etdirmək barədə razılıq əldə ediblər.
Modern.az