Modern.az

Yaxın Şərqdə baş verənlər neftin qiymətinə təsirsiz ötüşmür

  Yaxın Şərqdə baş verənlər neftin qiymətinə təsirsiz ötüşmür

Təhsil

4 Yanvar 2016, 21:13

 

Səudiyyə və İran arasında diplomatik münasibətlərin kəskinləşməsi, müharibə ehtimalı bütün nəzərləri dünya neft bazarına yönəldib. Modern.az saytı xəbər verir ki, iqtisadçı Rövşən Ağayev bu barədə öz feysbuk səhifəsində yazıb. İqtisadçı daha sonra vurğulayır ki, son 50 ildə Yaxın Şərq müharibələri neft birjalarını çalxalayıb: dünyanın əsas neft mərkəzi kimi Yaxın Şərqdə hərbi əməliyyatların neftin qiymətinə təsiri müşahidə olunub.  Əvvəlki müharibələrin başlanmasına neft bazarlarının dərhal reaksiyasını araşdırdım.

Deməli, 1967-ci ildə İsrail və 3 ərəb dövləti (Misir, İordaniya və Suriya) arasında 6 günlük müharibədə (yanılmıramsa mayın son günlərindən iyunun 5-dək davam) qiymətlər dəyişməyib. 

1973-cü ilin oktyabrında yenidən İsrail ərəb (Misir və Suriya) müharibəsi başlayır. Hərbi əməliyyatlar oktyabr-dekabr aylarında neftin qiymətində hər hansı təsirlə yadda qalmır. Lakin müharibədə ABŞ-ın İsraili dəstəkləməsi səbəbindən ərəb ölklərinin ABŞ-a neft satışına qadağa qoyması 1974-cü ilin yanvralında neftin birdən-birə 4 dəfə bahalanması ilə nəticələnib. Sonrakı 6 ildə embarqonun saxlanması və Yaxın Şərqdə gərginlik səbəbindən neftin qiyməti sürətlə artmağa davam edib. Ümumilikdə, 1974-1980-ci illərdə neftin qiyməti 11 dəfədən çox artıb.

1980-ci ilin sentyabrında İran-İraq müharibəsinin başlanması ilə neftin qiymətində təxminən 30%-lik artım baş verib. Əgər sentyabrın sonlarında Brent markalı neftin qiyməti 31 dollar ətrafında idisə, artıq oktyabr-dekabr aylarında 37-39 dollar intervalında dəyişmişdi. Lakin 1981-ci ilin iyununda bu müharibənin bazara təsiri aradan qalxmağa başladı - artıq iyunda qiymətlər 31.5 dollara, 1982-ci ilin fevral-mart aylarında 28-29 dollara enmişdi. 

İraq -Küveyt müharibəsi də neftin qiymətinə təsirsiz ötüşmədi. 1990-cı ilin avqustunda Küveytin işğalı qiymətləri kəskin artırdı (təxminən 2 dəfə). Əgər iyulda Brent markalı neftin qiyməti 16 dollar ətrafında isə, artıq avqustda 27 dollara, sentyabr-noyabr ayları ərzində 33 dollara qədər yüksəldi. lakin dekabrda 25 dollara qədər ucuzlaşdı, 1991-ci ilin marttında isə artıq qiymətlər müharibədən əvvəlki səviyyəyə yaxınlaşmışdı - təxminən 18 dollar. 

2003-cü ilin martında ABŞ-ın İraqa hərbi müdaxiləsi neftin qiymətini dərhal artırmadı. Lakin hərbi əməliyyatların uzanması öz sözünü dedi - artıq 2004-cü ilin yanvarında qiymətlər artmağa başladı. Müdaxilə anında qiymətlər 30 dollar ətrafında idisə, artıq 2004-cü ilin yay aylarında 43 dollara yüksəlmişdi. 

Nəhayət, sonuncu dəfə Ərəb baharının başlanması, Liviyaya müdaxilə və İrana sanksiyalar fonunda qiymətlər birdən-birə 89 dollardan 105, sonra isə 145 dollara qədər yüksəlib. Bunlar isə hamımızın gözünün qarşısında baş verən hadisələrdir...  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?