“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə tədbirlərini davam etdirir.
Bu haqda Modern.az saytına məlumat verən nazirliyin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov deyib ki, hazırda FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” yanğınsöndürmə gəmisi hadisə yerindədirlər:“Bundan əlavə, nazirliyin aidiyyəti qurumları itkin düşənlərin axtarış işlərini həyata keçirir”.
2015-ci il dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdi. İndiyədək 10 nəfərin cəsədi tapılıb, daha 20 itkinin axtarışları davam edir.
Gülşən RAUFQIZI