Modern.az

Deputatdan ETİRAF: “Mənim deyil”

Deputatdan ETİRAF: “Mənim deyil”

8 Yanvar 2016, 12:22

 

Milli Məclisin deputatı Çingiz Qənizadə son zamanlar mətbuatda haqqında yayılan şayiələrə aydınlıq gətirib.

Deputat Modern.az-a açıqlamasında bildirib ki, son iki ay ərzində  “AFN.az” saytında ona çox yaxın olan şəxslər barəsində bəzi yalnış məlumatlar yer alıb:

"Son dövrlərdə “AFN.az” saytında mənə çox yaxın və dost olan bəzi şəxslər barədə həqiqətə uyğun olmayan məlumatlar dərc olunub.  Bu kimi qərəzli xəbərlərlə tanış olduqdan sonra, qərara aldım ki, mətbuata açıqlama verməliyəm”.

Ç. Qənizadə qeyd edib ki, “AFN.az” saytının rəhbərliyi tanıdığı onlarla media rəhbərlərindən biridir.

“Mənim hər hansı saytı yaratmaq və onu saxlamaq üçün nə maddi imkanım, nə həvəsim, nə də ehtiyacım yoxdur. Mən mətbuata tam açıq və əlçatan millət vəkillərindən biriyəm. Mən tək-tək millət vəkillərindən biriyəm ki, ölkəmizin bugünkü bütün media nümayəndələri ilə əməkdaşlıq və dostluq edirəm. Televiziya və mətbuatda yazıları və çıxışları ən çox işıqlanan şəxslərdən biriyəm. Buna görə bütün mətbuatdakı dostlarıma təşəkkür edirəm”. 

Medianı yalnız peşəkar jurnalistlər yarada və idarə edə bilər deyən, deputat bu kimi xəbərlərin yayılmasına təssüfləndiyini də bildirdi:

“Mən çox təəssüf edirəm ki, bu gün bəzi media nümayəndələri rəhbərlik etdikləri sayt və qəzetlərdən başqalarına hədə-qorxu gəlmək, şantaj etmək və s. kimi məqsədlər üçün istifadə edir, sifarişli yazılar yazırlar. Bu kimi hallar yolverilməzdir, qanunla qadağan olunur və məsuliyyət yaradır”.

Deputat sonda bir daha mətbuat nümayəndələrinə səslənərək, onları ölkə qanunlarına hörmət etməyə çağırıb:

“Mətbuat cəmiyyətin güzgüsüdür. Mən bəzi mətbuat nümayəndələrini fəaliyyətləri zamanı peşəkar və qərəzsiz davranışa dəvət edir, ölkə qanunlarına hörmət etməyə çağırıram. Əgər kimsə hədə-qorxu, şantaj, sifarişli yazıları ilə başqalarının işgüzar nüfuzuna xələl gətirirsə, şərəf və ləyaqəti alçaldıcı yazılar yazırsa, mən belə jurnalistlərə qarşıyam və hər zaman da bu mövqeyimdə qalıram.

Bir daha bəyan edirəm ki, mənim heç bir saytla işgüzar əməkdaşlıqdan başqa bağlılığım yoxdur və olmayacaq. Bu cür fikirləri və şayiələri yayanları isə özümə qarşı qərəzli hesab edir, onları qınayır və bir daha dəqiqləşdirilməmiş  şayiələri yaymamağa dəvət edirəm”.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək