“Son günlər bəzi mətbuat orqanlarında kosmetik vasitələrin sertifikatlaşdırılması ilə bağlı dəqiqləşdirilməyən, sosial şəbəkələrdə yayılan səhv məlumatlar əsasında hazırlanmış məqalələr yayımlanır”.
Modern.az xəbər verir ki, bunu Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.
O qeyd edib ki, məqalələrdə kosmetik vasitələrin sertifikatlaşdırılması ilə yalnız bir qurumun – “Ekotest” MMC-nin məşğul olduğu iddia olunur.
“Milli Akkreditasiya Sisteminin inkişafı, o cümlədən uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası üzrə dövlət siyasətini həyata keçirən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu informasiyaları təkzib edir. Məlumat üçün bildiririk ki,
“Uyğunluğun qiymətləndirilməsi sahəsi üzrə akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa və beynəlxalq təcrübəyə uyğun olaraq zəruri tələblərə və standartlara cavab verən müstəqil qurumlar Milli Akkreditasiya Sistemində akkreditasiyadan keçə bilərlər”.
Qurumun sözçüsü bildirib ki, hazırda təkcə kosmetik vasitələrin sertifikatlaşdırılması fəaliyyəti ilə məşğul olan 3 müstəqil qurum SMPDK yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən akkreditasiya olunub.
“Hazırda daha birinin müraciətinə baxılmaqdadır. Akkreditasiya olunmuş qurumlar və həmin qurumların verdiyi uyğunluq sertifikatlarının siyahısı ilə Dövlət Akkreditasiya Xidmətinin rəsmi internet səhifəsindən -//www.accreditation.gov.az/ tanış olmaq olar.
Çox təəssüf ki, bəzi mətbuat orqanları sosial şəbəkələrdə yayılan məqsədli (və ya bilərəkdən) doğru olmayan fikirləri əsas götürərək, dəqiqləşdirmə və araşdırma aparmadan məqalə hazırlayır, nəticədə ictimaiyyəti çaşdırırlar. Hər birinizi əməkdaşlığa dəvət edirik!”
Aytən ZƏHRA