Modern.az

Naxçıvan Əlahiddə Ordusu: Dəmir intizam, yüksək döyüş potensialı...

Naxçıvan Əlahiddə Ordusu: Dəmir intizam, yüksək döyüş potensialı...

Təhsil

11 Yanvar 2016, 14:25


Ordu quruculuğu, şəxsi heyətin döyüş və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü işlər bu gün uğurla davam etdirilir. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti yüksəldilir, maddi-texniki bazası möhkəmləndirilir, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atılır.

Naxçıvan Muxtar Respublikası (MR) ərazisindəki hərbi hissələrin də maddi-texniki təminatı və hazırlıq səviyyəsi günün tələbləri nəzərə alınaraq gücləndirilib, yüksək döyüş hazırlığı baxımından müasir dünya ordularından heç də geri qalmayan Əlahiddə Ümumqoşun Ordusu muxtar respublikanın təhlükəsizliyinin qarantına çevrilib. Ordu bütün döyüş tapşırıqlarını hər an layiqincə yerinə yetirməyə qadirdir.

Elə prezident İlham Əliyevin də xüsusi vurğuladığı kimi «Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan Ordusu bu gün güclü Ordudur. Naxçıvan Ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir».

Prezident haqlıdır: «Çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır. Bu gün bu, belədir. Gələcəkdə Naxçıvanın hərbi potensialının gücləndirilməsi üçün əlavə tədbirlər görüləcəkdir. Naxçıvanın hərbi potensialı elə olmalıdır ki, istənilən təcavüzə tutarlı, layiqli cavab verə bilsin. Bu gün bu, artıq reallıqdır. Gələcək illərdə görüləcək əlavə tədbirlər hesabına biz Naxçıvanda daha da böyük hərbi potensial yaradacağıq. Buna imkan vardır. Azərbaycan dövləti zəngin dövlətdir. Bildiyiniz kimi, bizim dövlət büdcəmizin əsas xərcləri hərbi məqsədlər üçün nəzərdə tutulur. Nə qədər ki, torpaqlarımız işğal altındadır, bu, belə də olmalıdır».

Son illər muxtar respublikanın hərbi təhlükəsizlik sistemini daha da gücləndirmək üçün tarixi əhəmiyyətə malik qərarlar qəbul olunub, lazımi addımlar atılıb. Müasir dövrün reallıqlarını nəzərə alan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təkcə ölkəmiz üçün deyil, ümumilikdə, Cənubi Qafqaz regionu və bütün Türk dünyası üçün mühüm strateji məkan kimi böyük əhəmiyyət kəsb edən Naxçıvanın müdafiə qabiliyyətinin artırılması məqsədilə “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılması, general Kərəm Mustafayevin orduya komandan təyin edilməsi bunun ən bariz nümunəsidir.

Ölkəmiz üçün böyük əhəmiyyətə malik olan bu dövlət sənədinin dəqiqliklə icrası nəticəsində Naxçıvanın müdafiə qabiliyyəti daha da artıb, bir mərkəzdən idarəetmə təkmilləşdirilib və nəticədə daha effektiv müdafiə sistemi qurulub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev qədim diyarda Əlahiddə Ümumqoşun Ordusunun yaradılması barədə danışarkən deyib:
“Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır”.

Heç kimə sirr deyil ki,  istənilən ordunun döyüş qabiliyyətini, gücünü yalnız hərbi təlimlərdə və müharibədə müəyyənləşdirmək olar. Əlahiddə Ümumqoşun Ordusunun istər hərbi təlimlərdə iştirakı zamanı nümayiş etdirdiyi döyüş qabiliyyəti, istərsə də təcavüzkar düşmənin təxribatlarına tutarlı cavab zərbələri onun gücünü və qüdrətini göstərir.

Naxçıvan Muxtar Respublikasında keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində Əlahiddə Ümumqoşun Ordusu nizam-intizamı və silah-sursat təchizatı ilə NATO kimi qüdrətli hərbi-siyasi təşkilatda dünyanın supergücü olan Amerika Birləşmiş Ştatlarından sonra ikinci yerdə qərarlaşan, Avropada isə analoqu olmayan Türkiyə Silahlı Qüvvələri ilə eyni səviyyədə güc nümayiş etdirdi.

Əlahiddə Ümumqoşun Ordusunun gecə şəraitində keçirdiyi taktiki təlimlər də şəxsi heyətin peşəkarlığının yüksək səviyyədə olduğunu sübuta yetirdi. “Ordunun gücü xidmət edən şəxsi heyətin ruh yüksəkliyindən asılıdır”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bildirib ki, bugünkü hərbi təlimdə iştirak edən əsgər və zabitlərin qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirməsi də onların döyüş hazırlığı ilə yanaşı, eyni zamanda ruh yüksəkliyini və vətənpərvərliyini bir daha nümayiş etdirib. Bu gün əməliyyat-taktiki baxımdan yüksək döyüş hazırlığına malik olan Əlahiddə Ümumqoşun Ordusu muxtar respublikanın hakim yüksəkliklərində etibarlı müdafiə sistemi qurub. Strateji yüksəkliklərdə belə bir müdafiə sisteminin yaradılması düşmənin hərəkət imkanlarını xeyli məhdudlaşdırır, istənilən təxribatlara adekvat cavab vermək imkanı yaradır.

General-leytenant  Kərəm Mustafayevin komandanlığı altında Əlahiddə Ümumqoşun Ordusunun ətrafdakı ərazilərə maneəsiz nəzarət etməsi ona həm də istənilən hədəfi dəqiqliklə yox etmək imkanı verir. Təsadüfi deyil ki, Ermənistan mətbuatı bu gün Azərbaycanın əsas ərazisindən ayrı salınmış Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusundan söz açarkən, diqqəti ilk növbədə təmas xəttindəki hakim yüksəkliklərə yönəldir. Düşmən bu ordunu işğalçı Ermənistanın hərbi təhlükəsizliyi üçün bir nömrəli təhdid hesab edir, Naxçıvanla sərhəddə yerləşən erməni hərbi postlarının böyük təhlükə ilə üz-üzə qaldığını vurğulayaraq həyəcan təbili çalır. Muxtar respublikanın strateji yüksəkliklərində etibarlı müdafiə sisteminin qurulması, burada Vətənə ləyaqətlə xidmət edən komandanlığın, əsgər və zabitlərin xidmət şəraitinin daim diqqətdə saxlanılması, maddi-texniki təminatın gündən-günə daha da yaxşılaşdırılması hər birimizdə qürur hissləri ilə bərabər, əminlik də yaradır. Çətin dağlıq şəraitdə yerləşən hərbi hissələrdə xidmət edən əsgərlər torpaqlarımızı etibarlı surətdə qoruyurlar. Güclü maddi-texniki təminat və xalq-ordu birliyi hərbi qulluqçuların döyüş əzmini daha da artırır.

Təsadüfi deyil ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov da dəfələrlə muxtar respublikanın hakim yüksəkliklərində xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə, buradakı vəziyyətlə maraqlanır. Sədr haqlı olaraq deyir ki, “Vətən o zaman vətən olur ki, o həm qorunur, həm də vətən torpağından səmərəli istifadə olunur”.

Naxçıvan qarnizonunda maddi-texniki təminatla yanaşı, yüksək dağlıq şəraitində xidmət keçən şəxsi heyətin döyüş hazırlığına da ciddi diqqət yetirilir. Təmas xətti boyunca etibarlı əməliyyat mövqeyinin təmin edilməsi, hərbi intizamın durmadan möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması diqqətdə saxlanılır, əsgər və zabitlər xidməti vəzifələri şərəf və ləyaqətlə yerinə yetirirlər. Bu gün sərhədlərin etibarlı qorunması insanlara arxayınlıq bəxş edib. İnsanlar düşmənin, necə deyərlər, bir addımlığında yerləşən Batabat yaylaqlarında rahat yaşayırlar. Bu, muxtar respublikada etibarlı müdafiə sisteminin qurulması, hərbi təhlükəsizliyin təmin olunması, yüksək döyüş hazırlığına malik Əlahiddə Ümumqoşun Ordusunun strateji yüksəkliklərə tam nəzarət etməsi sayəsində mümkün olub.

Bir dəfə çıxışlarının birində Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov maraqlı fikir işlətmişdi:  “Ordu o zaman güclü olur ki, orduda yüksək nizam-intizam və döyüş əhval-ruhiyyəsi olsun”.
Bu gün Əlahiddə Ümumqoşun Ordusunnda bütün bu tələblərə ən yüksək səviyyədə riayət olunur. Övladı Naxçıvanda xidmət edən ana, ata da məhz buna görə arxayındır. Nizam-intizam olan yerdə hər şey qaydasında olur!

Seymur Əliyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI