“Ölkədə baş verən ana və uşaq ölümləri ilə bağlı hadisələr Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən araşdırılır. Onların rəyi nəticəsində müvafiq tədbirlər görüləcək”.
Bu sözləri Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib. O bildirib ki, ilin əvvəlindən baş verən 3 ana və 3 uşaq ölümü faktı da komissiya tərəfindən araşdırılır.
“Əvvəlcədən demək olmaz ki, həkim məsuliyyətə cəlb olunacaq ya yox. Komissiya araşdırmasını aparır, əgər burada həkim səhvi aşkarlanacaqsa, o zaman müvafiq tədbirlər, həkim işdən çıxarıla və ya ona töhmət verilə bilər. Amma bunu təkcə həkimlərlə əlaqələndirmək də düzgün deyil. Ana olmağa hazırlaşan hamilə qadınlar həkim müayinəsinə gəlmir və ya doğuşa arayış almaq üçün 7 və ya 8-ci ayında xəstəxanaya müraciət edirlər”.
Əvvəlki illərlə müqayisədə ölkədə ana və uşaq ölümü faktlarının aşağı olduğunu deyən S.Əhmədova qeyd edib ki, bu cür xəbərlərin böyük həcmdə yayılması ana olmağa hazırlaşan gənc hamilələri təşvişə sala bilər.
Aytən ZƏHRA