Modern.az

Rəsmi Bakıdan ABŞ-la əlaqələrə dair AÇIQLAMA

Rəsmi Bakıdan ABŞ-la əlaqələrə dair AÇIQLAMA

Təhsil

14 Yanvar 2016, 17:46



“Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obama tərəfindən dekabrın 3-də Vaşinqtonda keçiriləcək IV Nüvə sammitinə dəvət alıb”.

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N. Məmmədov bildirib ki, dəvət məktubunda ABŞ-Azərbaycan əlaqələrinə yüksək qiymət verilib, münasibətlərin əhəmiyyəti vurğulanıb: “Azərbaycanın nüvə təhlükəsizliyinə verdiyi töhfə də xüsusi qeyd olunub. ABŞ hesab edir ki, Azərbaycan bundan sonra da bu məsələyə töhfə verməkdə davam edəcək. Eyni zamanda məktubda Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı fikirlər də əksini tapıb”.

O bildirib ki, dəvət məktubu barədə məlumatı özünün "Twitter" sosial şəbəkəsindəki hesabında açıqlaması Azərbaycan prezidentinin IV Nüvə sammitinə dəvət olunmaması barədə bəzi mətbuat orqanlarında yazıların işıq üzü görməsi ilə bağlı olub: “Azərbaycan ABŞ üçün həmişə mühüm, vacib və böyük əhəmiyyət daşıyan tərəfdaş olub. Azərbaycan elə regionda yerləşir ki, həmişə strateji əhəmiyyət daşıyan dövlət olaraq qalacaq”.

N. Məmmədov onu da qeyd edib ki, Azərbaycan prezidentinin Nüvə sammitində iştirak edib-etməyəcəyi barədə dəqiq söz deyə bilməz: "Azərbaycan prezidenti əvvəllər, adətən, bu tədbirlərdə iştirak edib”

PA rəsmisi deyib ki, hələ Qarabağ münaqişəsinin həlli istiqamətində irəliyə atılan addım görmürük. Prezidentlərin görüşündə də irəliyə doğru addım atılmadı.

O bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri irəliyə doğru addım atıldığını bildirməyə çalışsalar da, bu, belə deyil: “Ermənistan münaqişənin həlli ilə bağlı konstruktiv addım atmaq istəmir. Ermənistan düşünməlidir ki, bu, daha çox onlara lazımdır”.
 
N. Məmmədov qeyd edib ki, həmsədr dövlətlərin də Qarabağ münaqişəsinin həllinə diqqəti yetərincə deyil: “ABŞ prezidenti Barak Obama ölkəsinə və dünyaya müraciətində dedi ki, dünyanın müxtəlif yerlərində olan “qaynar” nöqtələrə xüsusi diqqət yetiririk. Ancaq həmin siyahıda biz yoxuq. Gərginlik nöqtələri çoxdur, yəni sanki bizə növbə hələ gəlib çatmır. Halbuki müstəqillik qazandığımız dövrdə korrekt addımlar atılsaydı, bəlkə də indi dünya belə olmazdı. O vaxt ilk münaqişələrdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qaraba münaqişəsi idi. Bu münaqişə həllini tapsaydı, digər münaqişələr də olmazdı. Görürsünüz ki, Yaxın Şərq, elə Qafqazın özü bu gün hansı vəziyyətə düşüb”.
  
N. Məmmədovun sözlərinə görə, ATƏT-də sədrliyi qəbul edən Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv olacağını bildirib.

Böhrandan danışan N.Məmmədov deyib ki, bu gün dünyanı ağuşuna alan iqtisadi böhran Azərbaycana da təsir etməyə bilməzdi.

"Amma biz bu vəziyyətdən də çıxacağıq”.

N. Məmmədov deyib ki, təlaşa düşmək lazım deyil: “Dünyada tez-tez müxtəlif təbii fəlakətlər müşahidə edirik. Məsələn, ABŞ-da, Böyük Britaniyada, Rusiyada hər il subasmalar, təbii fəlakət olur, minlərlə ev su altında qalır. Ancaq həmin fəlakətlər zamanı biz əhalidə xüsusi təlaşı müşahidə etmirik. Bu gün mediamızın günün reallıqlarını əhaliyə çatdırması baxımından üzərinə böyük vəzifə düşür. Mediamız da insanlara günün reallıqları çatdırmalı, əhalini maarifləndirməlidir. Azərbaycan bu vəziyyətdən çıxmağa qadirdir, təlaşa düşməyə əsas yoxdur”.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?